Azərbaycan lideri Xəzərdən Avropaya planlaşdırdığı ticarət yolunu həyata keçirmək qüdrətindədir

post-img

Azərbaycanın beynəlxalq nüfuzu həm regional, həm də qlobal səviyyədə diplomatik təmasların yüksələn xətt üzrə inkişafını təmin edir. Prezident İlham Əliyevin milli və dövlət maraqlarını əsas tutaraq balanslaşdırılmış xarici siyasətinin uğurları ölkəmiz üçün yeni geosiyasi imkanlar yaratmaqdadır. Məhz  mükəmməl xarici siyasət sayəsində ölkəmizin beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri ən yüksək səviyyəyə qalxmışdır.

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, səmimi qəbul və yüksək qonaqpərvərlliklə keçən görüşlər həm də Azərbaycanın diplomatik və beynəlxalq nüfuzunun göstəricisi idi. 

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, Litva Prezidenti Gitanas Nauseda  ölkəsinin 2006-cı ildən etibarən beynəlxalq layihələrdə Azərbaycan ilə bir yerdə iştirak etdiyini vurğuladı. Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndirən Litva Prezidenti Azərbaycan lideri ilə əhəmiyyətli müzakirələrə start verildiyini və əməkdaşlıq haqqında imzalanmış sazişlərin iki ölkə arasında münasibətlərin inkişafına  təkan verəcəyini söylədi.

Ölkəmizin başçısı Azərbaycanla Litva arasında siyasi münasibətlərdə olduğu kimi, gələcək illərdə iqtisadiyyat, ticarət və digər sahələrdə də əlaqələrin sürətli inkişafına əminliyini ifadə etdi. Prezident İlham Əliyev bu məqsədlə təşkil olunan biznes forumunu önəmli addım kimi dəyərləndirdi və daha  rahat nəqliyyat-kommunikasiya imkanların yaradılması  üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşdüyünü bildirərək yeni geosiyasi reallığın  bunu diktə etdiyini diqqətə çatdırdı. Səfər çərçivəsində keçirilən məhsuldar görüşlər, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində imzalanmış sazişlər həm də onun təsdiqidir ki, Litva və Azərbaycan strateji tərəfdaşdırlar və bu əməkdaşlıq uğurla inkişaf edir. 

Prezident İlham Əliyev Litva və Azərbaycanın mühüm daşımalar qovşağı olduğunu qeyd edərək Xəzər və Baltik regionları arasında şəbəkənin qurulmasının zamanının çatdığını bəyan etdi. 

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən Litva səfəri həm siyasi, həm də iqtisadi baxımından mühüm hadisələrlə yadda qaldı.  Azərbaycanın Avropa üçün enerji tərəfdaşı olmasında Litva ilə münasibətlər mühüm rol oynayır.  Bir sözlə, Prezident İlham Əliyevin Litva səfəri həm diplomatik, həm də iqtisadi baxımdan Azərbaycan üçün yeni uğur sayılmalıdır. Beləliklə, Avrasiyanın, eləcə də Avropanın nəqliyyat marşrutunu yeniləyən və formalaşdıran Azərbaycan Xəzərdən Baltikə iqtisadi yol salmaq niyyətinindədir. Bütün irimiqyaslı  və qlobal iqtisadi layihələri ən yüksək diplomatik bacarlqla reallaşdıran Azərbaycan lideri Xəzərdən Avropaya planlaşdırdığı ticarət yolunu həyata keçirmək əzmində və qüdrətindədir. Buna heç kimin şübhəsi olmasın.

Siyasət