Faşizm üzərində qələbələr Azərbaycan tarixini zənginləşdirir

post-img

XX əsrdə Azərbaycan xalqı tarixində bir neçə dəfə faşizmlə mübarizədə iştirak edib, faşizmə qarşı müharibələrdə iki dəfə qalib gəlib. Belə ki, xalqımız İkinci dünya müharibəsində Sovet İttifaqının 15 respublikasından biri olaraq alman faşizmi üzərində Qələbənin əsas lokomotivlərindən birinə çevrilməyi bacarıb.

Qəhrəman xalqımızın ümumilikdə 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat həmin müharibədə qələbənin digər bir vacib amili də Abşeron yarımadasından çıxarılan Azərbaycan neftinin olduğunu bildirib. Deyib ki, bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Həmin illərdə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.

Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan övladlarının şücaəti, onların əvəzsiz rolu hər zaman yüksək ehtiramla qəbul olunur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşüb.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.

Bu şəxsiyyətlərin həyat yolunun kitablarda, filmlərdə, məktəblərdə, ictimai yerlərdə təbliğ olunması yeni, müasir Azərbaycan gəncliyinin, övladlarımızın qəhrəman, vətənpərvər ruhda, vətənini sevən, onun uğrunda canından belə keçməyə hazır mərd nəfərlər kimi yetişməsində töhfə oldu.

Həmin qəhrəmanlıq salnaməsi XXI əsrdə, İkinci Dünya müharibəsindən 75 il sonra bir daha yazıldı. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək tarixi təkrarladılar, faşizm üzərində bir daha Qələbə çaldılar, hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.

Bu gün Azərbaycan tarixində istər 9 may, istərsə də 8 noyabr tarixləri faşizm üzərində Qələbənin simvoluna çevrilib. Döyüşlərdə həlak olan qəhrəmanlarımız hər zaman yad edilir, şəhidlərimizin ruhları yüksək ehtiramla anılır.

Siyasət