BMTM-in sədri: Regionda möhkəm təhlükəsizlik mühitinin təmin edilməsi üçün daha qətiyyətli addımlar atılmalıdır

post-img

Hazırda Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin bağlanması ən önəmli məsələ olaraq qalır. Sülh sazişi Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddialarına son qoymalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan- Ermənistan sülh danışıqları ilə bağlı vəziyyətə dair hazırladığı təhlil xarakterli hesabatında yer alıb.

BMTM-in İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan da öz növbəsində erməni əhalisinin reinteqrasiyası üzərində işləyəcək.

Onun sözlərinə görə, iki ölkə delimitasiya və demarkasiya, nəqliyyat yollarının açılması və daha geniş iqtisadi əməkdaşlıq üzrə danışıqlara başlaya bilər. Ermənistanla Azərbaycan arasında sülh üç Qafqaz ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan arasında regional əməkdaşlıq platforması yarada bilər. İrəvan Zəngəzur-Meğri ilə bağlı öhdəliklərindən boyun qaçırdığı və Qarabağ üzərində Azərbaycanın suverenliyi ilə bağlı qeyri-müəyyən mövqe tutduğu bir şəraitdə Azərbaycanın birtərəfli qaydada Laçınla bağlı razılaşmanı yerinə yetirməsini və Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmasını gözləyə bilməz.

“Təəssüf ki, 2022-ci ildə hadisələrin gedişi Ermənistan daxilindəki radikal qüvvələrin və xüsusilə erməni diasporunun, habelə Rusiya və Fransa kimi geosiyasi aktorların sülh prosesini tamamilə poza biləcəyini üzə çıxardı. Regionda möhkəm təhlükəsizlik mühitinin təmin edilməsi üçün daha qətiyyətli addımlar atılmalıdır”, - deyə hesabatda bildirilir.

Siyasət