Azərbaycan münaqişədən sonrakı yenidənqurma səylərində ATƏT-in müəyyən rol oynayacağını gözləyir

post-img

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatdığını və regionun yenidənqurma və reinteqrasiyanın yeni mərhələsinə qədəm qoyduğunu deyib. Bildirilib ki, Azərbaycan münaqişəni öz gücünə həll edib və Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh müqaviləsi imzalamağı təklif edib. Lakin Ermənistan hələ də danışıqlarda destruktiv mövqe tutur, üçtərəfli Bəyanatı kobud şəkildə pozur. Dünən Ermənistanın törətdiyi növbəti təxribat bunun bariz nümunəsidir.

Parlamentin sədri Ermənistanın belə hərəkətlərdən çəkinəcəyinə, siyasi iradə göstərəcəyinə, sülh sazişinin imzalanması üçün əməli addımlar atacağına inamını ifadə edib.

Milli Məclisin sədri, həmçinin vurğulayıb ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarının öz siyasi, sosial və iqtisadi məkanlarına reinteqrasiyası üzərində işləyir. Onlara bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlar təmin ediləcək. Azərbaycan Konstitusiyası bu baxımdan möhkəm hüquqi zəmin yaradır. Bildirilib ki, ölkəmizdə yaşayan etnik ermənilərlə təmaslara görə məsul şəxs təyin edilib və martın 1-də onlarla ilk görüş keçirilib, proses davam etdiriləcək.

S. Qafarova qonağı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı prosesi, Ermənistanın mina terrorunun nəticələri barədə məlumat verib. Bildirib ki, Azərbaycan münaqişədən sonrakı bərpa və yenidənqurma səylərində ATƏT-in müəyyən rol oynayacağını gözləyir. Bu, ATƏT üçün regionda sülhün möhkəmləndirilməsi prosesinin bir hissəsi olmaq baxımından bir fürsətdir.

Buyar Osmani bu cür səfərlərin münasibətlərin vəziyyətinə yenidən nəzər salmağa və reallığı daha yaxşı başa düşməyə kömək etdiyini bildirib.

O deyib ki, Şimali Makedoniya müxtəlif etnik qrupların birgə yaşadığı ölkədir və postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində böyük təcrübəyə malikdir. ATƏT-in sədri ölkəsinin bu sahədə əldə etdiyi təcrübəni bölüşməyə hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Siyasət