Tehranın molla rejiminin öz vətəndaşına qarşı tətbiq etdiyi despotik idarəetmə üsulunun sonda öz başında çatlayacağı qaçılmazdır.
Ötən ilin sentyabrında Tehranda əxlaq polisinin gənc qızı döyərək öldürməsi, onsuz da fars-molla rejimindən narazı kütlənin səbir kasasını daşdırdı. Küçələrə axışan xalqın antidemokratik üsuli-idarəni dəyişmək, ifrat şəriət qanunlarını aradan qaldırmaq tələbinin qarşısına hakimiyyət top-tüfənglə çıxdı. Bundan daha da qeyzlənən etirazçılar radikal addımlar atmağa, siyasi şüarlar səsləndirməyə başladılar. Kütləvi etirazlara zor tətbiqi ilə son qoymağa ümidli olan hökumət geniş həbslərə və edamlara qərar verdi.
İranın daxilində son 8 ayda cərəyan edən ictimai-siyasi hadisələrin qısa xronikası həm də onu göstərir ki, mövcud rejimə qarşı etiraz aksiyasına əhalinin ən müxtəlif təbəqələri qoşulmaqdadır. Son günlər Urmiyada orta məktəb müəllimləri sosial durumları, maaş azlığı ilə bağlı mitinqlər keçirirlər. Onların rejimə qarşı çıxışlarının görüntüləri sosial şəbəkələrdə də yayımlanıb.
Başqa bir xəbərdə deyilir ki, Təbrizdə müəllimlər Təhsil Nazirliyinin yerli idarəsinin qarşısına toplaşaraq əmək haqlarının artırılmasını, qanunla nəzərdə tutulan imtiyaz və hüquqlarının yerinə yetirilməsini tələb ediblər. Onlar binanın qarşısına “Bu bina müəllimlərin əmək haqqını ödəmək üçün satılır” bannerini asıblar.
İranın bütün əyalət və şəhərlərini bürümüş etiraz aksiyalarına əhalinin, demək olar ki, bütün təbəqələri qoşulub. Fars-molla rejimi isə xalqın səsinə qulaq asmaq, problemləri aradan qaldırmaq əvəzinə, insanlara divan tutmağın miqyasını genişləndirir. Dəqiqləşdirilməmiş məlumata görə, aksiyalar dövründə 200-dən çox etirazçı edam olunub, 500-dən çoxu isə zindanlara atılıb.
Əslində, son etirazlar İran hakimiyyətinin əsl simasını bir daha göstərdi. Molla rejimi 44 il əvvəl olduğu kimi, yenə insanları məhkəməsiz cəzalandırır, heç bir məsuliyyət daşımadan dar ağacından asır. Bu ölkədə vətəndaşın hakimiyyət üçün heç bir dəyəri yoxdur. Bütün səviyyələrdə məmurlar dinc insanlarla quldurcasına davranırlar. İlkin məlumata görə, hərbi polis qüvvələri aksiyalar zamanı 68 yeniyetməni küçələrdə və zindanlarda öldürüb.
Bütün bunlar onu deməyə əsas verir ki, molla rejimi idarəetmə üsulunda müəyyən islahat apararaq azad, demokratik mühit yaratmaq barədə qətiyyən düşünmür. Ölkənin hakim rejiminin yürütdüyü zorakı siyasət, nəhayət, ölkədəki bütün xalqların, cəmiyyətin əksər təbəqələrinin ciddi narazılığı, özbaşınalıqlara davamlı müqaviməti ilə üzləşib. Bu, tarixdən hamıya bəlli olan aşkar inqilabi vəziyyət deməkdir.
Əgər belə davam edərsə, vəziyyətin getdikcə daha da gərginləşəcəyi və vətəndaş etirazlarının ümumölkə itaətsizliyi həddinə çatması gözləniləndir.
İ.HƏSƏNQALA,
“Xalq qəzeti”