Yolumuz da, sükanımız da etibarlı əllərdədir!

post-img

Türk ellərinin gözəl adətlərindən biri də şad günlərdə xətri istənilən doğma adama bəxşiş, hədiyyə verməkdir. Bu adətin əsas özəlliyi yaşanan sevinc hisslərini həm də özünə ən yaxın bildiyin dostla paylaşmaq, onu da sevincə şərik etməkdır. 

“Türkiyənin ilk yerli “Togg” elektro­mobilinin ikincisinin ölkəmizdə olması dostluq və qardaşlıq münasibətlərimi­zin təzahürüdür”. Bu sözləri Prezident İlham Əliyev Türkiyənin Sənaye və tex­nologiya naziri Mustafa Varankı qəbul edərkən deyib. Dövlət başçısı qardaş ölkədə son illərdə həm müdafiə səna­yesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, iste­dadı və əməyi nəticəsində ərsəyə gəlib və “Togg”un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.

Prezident İlham Əliyev əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş türk xalqı­na təbriklərini çatdırıb.

* * * 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması ilə bağlı pay­laşım edib. R.T.Ərdoğan tviterdə bun­ları yazıb:

“Qardaşım İlham Əliyev də Türkiyə­nin qüruru “Togg”u təhvil alıb. Xeyirli olsun! Allah gözəl günlərdə istifadə et­məyi qismət etsin, qardaşım!”.

* * * 

Bir millətin iki dövlətinin və iki lide­rin - qardaşın yolu və hədəfi bir oldu­ğuna görə, “Togg” elektromobilin Qara­bağımızın dırnaqsalmaz köhlən atları kimi yalnız və yalnız irəli gedəcəyinə tam əminik. Dəyəri qiymətindən qat-qat çox, hilallı-ulduzlu əkiz bayraqla­rımızdakı qırmızı rəngi özündə ehtiva edən Türkiyənin milli elektromobili həm də iki qardaşı yan-yana aparacaq o möhtəşəm ünvanın - Böyük Turanın müjdəçisidir. İndi gördüyümüz kimi, o tarixi məqamda da dünya brendinə çevriləcək türk elektromobilinin sükanı arxasında yüksək idarəetmə bacarığı­na malik diplomat-sürücülər, iki qardaş Prezident, iki Ali Baş Komandan əy­ləşəcək. 

XXI əsrin danılmaz gerçəklərindən biri də Azərbaycanla Türkiyənin əbədi qardaşlığı, Türkiyənin Cümhurbaşqa­nı Rəcəb Tayyib Ərdoğanla Azərbay­can Prezidenti İlham Əliyev arasında­kı sarsılmaz dostluğudur. Son illər bu qardaşlıq telləri, dostluq münasibətləri bütün dünyanın diqqət mərkəzindədir, - desək, yanılmarıq. Artıq qibtə ediləcək səviyyəyə çatmış bu dostluq bizə dost olmayan ölkələrdə belə danışıq möv­zusuna çevrilib. 

Bəli, Türk dünyasının iki böyük lideri – Rəcəb Tayyib Ərdoğan və İlham Əli­yevin bu dostluğa sadiqliyinə, onu göz bəbəyi kimi qoruduğuna hamı şahidlik edir. Biz isə bununla həm də qürur du­yuruq. Necə ki güvənc yeri saydığımız Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər birimizi qürurlan­dırır. 

* * * 

Prezidentlərin 2020-ci il dekabrın 10-da Bakıda bərabər iştirak etdikləri Zəfər paradındakı çıxışlarından seç­mələr. 

Prezident İlham Əliyev: 

“Bu gün bizim birliyimiz dünya ça­pında bir amildir. Türkiyə nə qədər güc­lü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək!” 

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan:

“Türkiyə olaraq Azərbaycan ilə mü­nasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadə­si ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik...”. 

* * * 

Dostlarımızı sevindirən, düşmən­lərimizə göz dağı verən bu səhnələrə bizim kimi, dünya da artıq vərdiş edib. Azərbaycan və Türkiyənin bərabər yüksəlişini gözləri götürməyənlər, böl­gəmizdə fitnə-fəsad yaratmağa cəhd edənlərin özləri də yaxşı bilir ki, bu iki qardaş ölkə yüz il bundan əvvəl bir yer­də olub, bu gün bir yerdədir və sabah yenə də bir yerdə olacaq. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət