Politoloq: Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra İranın aqressiv davranışları artıb

post-img

Azərbaycanlı deputat Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və iştirakçıları haqqında artıq rəsmi məlumatlar verilməkdədir. Bu məlumatlardan da görünür ki, hadisə törədildiyi ilk vaxtlardan Azərbaycan xalqının böyük hissəsinin inamla qeyd etdiyi kimi, bu terrorun arxasından da İran molla rejimi və bu rejimin SEPAH, Bəsic kimi cinayətkar qruplaşmalarının dayandığı açıq-aydın özünü göstərməkdədir. Bu terrorda İranın əlinin olması göstərir ki, bu ölkə rəsmən Azərbaycana qarşı dövlət səviyyəsində terror həyata keçirir. Bununla da Azərbaycanın böyüyən gücünün qarşısını almağa və haqlı mövqeyini zəiflətməyə çalışır. Eyni zamanda, bu, həm də İranın terrorçu molla rejiminin mahiyyətindən irəli gəlir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonlarında İranda islam inqilabı adı altında dövlət çevrilişi həyata keçirilərkən məhz Fransa kimi, özünün bütün tarixi boyu terroru, qətliamları, soyqırımlarını müdafiə alətinə çevirmiş bir dövlətin dəstəyi ilə hakimiyyəti ələ keçirən mövcud molla rejimi məhz havadarlarının sifarişi ilə İslam dünyasında müxtəlif terrorçu qruplar formalaşdırmaq, onların maliyyələşdirilməsini həyata keçirməklə təxribatlar, terror hadisələri həyata keçirib, bölgə dövlətlərinə təsir etməyə çalışıblar. Xüsusilə də İslam dünyasının, müsəlman aləminin inkişafının, birləşməsinin qarşısını almağa çalışmaqla onları hakimiyyətə gətirən ağalarının sifarişlərini yerinə yetiriblər. Bu gün Azərbaycana münasibətdə İranın molla rejiminin sərgilədiyi mövqe də eyni yanaşmanı, hədəfləri, məqsədləri ortaya qoyur: “Maraqlıdır ki, Azərbaycan bölgədə nüfuzu artdıqca işğalçılıq faktını aradan qaldırıb ərazi bütövlüyünü təmin etdikcə, yüksək iqtisadi inkişaf nəticələri artdıqca özünü müsəlman, mehriban qonşu kimi təqdim etməyə çalışan İranın aqressivliyi daha da artır. Hesab edirəm ki, bu heç də təsadüfü deyil. Məhz Fransa kimi neo-imperialist dövlətlərin bölgədə maraqlarının həyata keçirilməsində alətə çevrilən İran, Ermənistan kimi ölkələr bu gün artıq Azərbaycanın böyüyən qüdrətinin bir gün onların və ağalarının maraqlarına maneçilik törədəcəyini, çirkin qaranlıq məqsədlərini həyata keçirməyə mane olacaqlarını bilirlər. Bunun üçün cinayətkar əməllərdən çəkinməyərək Azərbaycana qarşı mübarizə, düşmənçilik kompaniyasına başlayıblar”.

A.Əliyev bildirib ki, İran azərbaycanlı deputata qarşı terror hadisəsinin üstünün qısa müddətdə açılacağını və bu cinayətdə İranın molla rejiminin, quldur terror təşkilatının rolunun olduğunun üstünün açılacağını bildikləri üçün ötən həftənin sonlarında tez-tələsik heç bir diplomatik etiket qaydalarını və hüquqi normaları gözləmədən Azərbaycana guya hansısa absurd əsaslarla nota verdiklərini bəyan etdilər. Bununla əslində onlar yeni gündəm formalaşdırmaq və nəticədə İranın növbəti dəfə terror hadisəsində real faktlarla ittiham olunmasının qarşısını almağa və ya bunu müəyyən mənada kölgəyə çəkməyə çalışırdılar.

“Məsələ ondadır ki, uzun illər ərzində Azərbaycan Ermənistanın terrorçu təşkilatlarının ölkəmizə qarşı təxribatlarından zərər çəkib. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı ərazilərində belə terror hadisələri törədilib. Bu terrorların arxasından hər zaman Ermənistan və onun terror təşkilatları çıxıb. Maraqlıdır ki, Azərbaycan 44 günlük vətən müharibəsi ilə terrorçu, işğalçı Ermənistana layiq olduğu yeri göstərdikdən sonra bu ölkəni özünün qardaşı elan edən İranın aqressiv davranışları daha da artmağa başlayıb. Bu gün İran Ermənistanın vaxtilə Azərbaycana qarşı istifadə etdiyi metodları daha geniş şəkildə yenidən tətbiq etməyə çalışır. Çox təəssüf ki, Azərbaycan dövlətinin, xalqının və onun Liderinin dəfələrlə mehriban qonşuluq münasibətləri qurmaq, islami dəyərləri qoruyub-saxlamaq istiqamətində atdığı addımlara İran əlinin arxası ilə cavab verib, bu çağırışları görməzdən gəlib. Bu gün İranın davranışları həm də onun bölgədəki çirkin, qaranlıq maraqları ilə bağlıdır. İran öz xalqına qarşı da aqressiv, qanunazidd davranışları nümayiş elətdirir. Aylardır İranda baş verən xalq etirazlarına qarşı yalnız qanunazidd cinayətkar davranışlar həyata keçirilir. Bunların arxasında dayanan əsas səbəblərdən biri də İranın uranın zənginləşdirilməsi istiqamətində atdığı addımların beynəlxalq güclərin diqqətindən yayındırılması cəhdləridir. Çünki uranın zənginləşdirilməsi və nüvə silahının əldə olunması İran kimi aqressiv, terrorçu dövlətin cinayətkar davranışlarının masştabını daha da böyütmüş olar”, - deyə politoloq əlavə edib.

Siyasət