Cəlil Xəlilov: Heç bir “humayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz

post-img

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ordumuzun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verərək baş verənləri Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib: “Fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb və maraqlıdır ki, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub. Bu faktın özü bir daha onu göstərir ki, Avropa İttifaqının missiyası bölgədəki təhlükəsizliyi təmin etmək, Ermənistanın təxribatlarının qarşısını almaq üçün səmərəli təsir mexanizmi deyil.

Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Baş verənlər göstərdi ki, Ermənistan missiyanın fəaliyyətini yeni təxribatlar üçün zəmin hesab edir.

Görünən odur ki, Ermənistan tərəfi hesab edir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə başlaması onlara öz təxribatlarını daha təhlükəsiz ortamda həyata keçirməyə imkan verəcək. Ancaq rəsmi İrəvan bu cür düşünməklə yanılır. Ermənistan bilməlidir ki, Azərbaycan tərəfi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və bu məsələdə heç bir güzəştə getməyəcək. Ermənistan kimin çətiri altında gizlənir-gizlənsin, yol verdiyi hər bir təxribata görə cavab verəcək və cəzalandırılacaq. Heç bir “humayəedici çətir” Ermənistanı Azərbaycanın dəmir yumruğundan hifz edə bilməz”.

Polkovnik qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı missiyasına silahlı şəxslərin daxil edilməsi də narahatverici məqamlardan biridir: “Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Demək belə çıxır ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Halbuki, indiyədək bu barədə heç bir məlumat verilməmişdi. Bu informasiya erməni ictimaiyyət üçün də yenilik oldu. Avropa İttifaqının məlum etirafı sübut etdi ki, Ermənistan öz ərazisinə silahlı missiya buraxdığını bütün region dövlətlərindən, eyni zamanda, Ermənistan ictimaiyyətinin özündən də gizlədib. Bu, bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına münasibətdə belə səmimi deyil”.

Polkovnik Cəlil Xəlilov İranın baş verənlərə biganə münasibətinin də anlaşılan olmadığını vurğulayıb: “Maraqlı məqamlardan biri də İranın baş verənlərə seyrçi münasibət bəsləməsidir. Baxmayaraq ki, Qərbi hər zaman sözdə asıb-kəsən İranın sərhədlərində Avropa dövlətlərinin silahlı hərbçiləri dayanıb. Onları bu sərhədlərə gətirib çıxaran isə Ermənistandır. Araz çayı sahilində Azərbaycana hədə-qorxu gəlmək üçün genişmiqyaslı təlimlər keçirən İranın Ermənistanın etdikləri fonunda sərgilədiyi susqunluq rəsmi Tehranın xarici siyasətindəki əcaiblikdən və məntisizlikdən xəbər verir. Bu gerçək bir daha onu göstərir ki, rəsmi Tehran bu gün də dost və düşməni ayırmaqda ciddi səhvlərə yol verir. Hansı ki, bu səhvlərin İran üçün gec-tez böyük problemlərə yol açacağı şübhəsizdir”

Siyasət