Türkiyəli professor, doktor Canan Karatay suyun orqanizmdə mühüm yeri olduğunu və sağlam həyat üçün kifayət qədər maye qəbulunun vacibliyini vurğulayıb.
Suyun sağlamlığımız üçün əhəmiyyətindən danışan Karatay minerallarla dolu su içməyi məsləhət görüb. Deyib ki, su ilə yanaşı, kifayət qədər heyvani yağ və zülal da qəbul etmək lazımdır. Bunun xəstəliklərdən qorunma və mövcud yoluxmalardan qurtulma prosesini sürətləndirdiyini bildirib.
Gündəlik həyatda limonlu su içməyin faydasından bəhs edərək bunun insanın enerji ehtiyacını ödəməkdə təsirli olduğunu vurğulayıb.
Limonlu suyun faydalarından danışan Karatayın fikrincə, belə su bağırsaqların aktiv işləməsinə kömək edərək həzmi asanlaşdırır. Eyni zamanda, qəbizlik kimi problemlərdə də təsir göstərir.
Limonlu suyun müntəzəm içilməsi yağların yandırılmasını da sürətləndirir və sidik ifrazı ilə ödemi aradan qaldırmağa kömək edir.
Limon tərkibindəki vitamin və minerallarla sağlamlığa kömək edir, C vitamini və limon turşusu sayəsində orqanizmdə dəmirin udulmasını artıraraq qan azlığına qarşı fayda verir.
Həkim Karatay hər axşam yeməyindən sonra limon suyu içməyin həzm sisteminə tənzimləyici təsir göstərdiyini bildirib və bunun daha sağlam yuxu üçün zəmin yaratdığını vurğulayıb.
Z.HÜSEYNLİ
XQ