Oftalmoloji yeniliklər bu dəfə Bayburtda müzakirə olunub

post-img

 Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi tərəfindən (TCOD) Bayburt Universitetində Türkiyə, Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə tədbir keçirilib. Məqsəd türk dünyası ölkələrinin oftalmologiya sahəsində nailiyyətləri, tədqiqat nəticələrini və innovasiyaları müzakirə etmək olub.

Azərbaycandan həkim-oftalmoloq Yazgül Abdıyeva, Türkiyədən professor Süleyman Kaynak və həkim Bekir Sitkinin  moderatorluğu ilə aparılan tədbiri giriş nitqləri ilə Türkiyə Cümhuriyyəti Oftalmoloji Dərnəyin rəhbəri Öner Gelişkən, dərnəyin fəxri sədri Sunay Duman, baş katibi Züleyxa Yalnız Akkaya, tədbirin ev sahibi Orxan Atəş, TOD-un baş katibi Kıvanç Güngör və Bayburt Universitetinin rektor köməkçisi Əli Savaş Bülbül açıblar. 

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Elmi-məlumat, tədris və təşkilati-metodiki” bölməsinin müdiri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, TCOD-un fəxri üzvü Yazgül Abdıyeva geniş məruzə ilə çıxış edib. Məruzəsinə “Türkiyə ilə Azərbaycanı birləşdirən qardaşlıq və onlar arasındakı möhkəm bağlar danılmazdır, güclüdür. Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!”– sözləri ilə başlayan natiq, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin inkişaf tarixi, dünəni və bu günündən söz açıb. O, Milli Oftalmologiya Mərkəzinin fəaliyyətindən, səyyar klinikanın köməyi ilə görülən işlərdən geniş bəhs edib. Ölkəmizdə keçirilən beynəlxalq və yerli konfranslardan, tibbi aksiyalardan, kurslardan və s. kimi müxtəlif oftalmoloji aspektlərdən ətraflı məlumat verib. 

Y. Abdiyevanın çıxışında mərkəzin gözə qulluq sahəsində mükəmməlliyə doğru inkişafı və regionda oftalmoloji fəaliyyətin inkişaf etdirilməsi istiqamətində beynəlxalq, xüsusilə Türkiyə ilə əməkdaşlığın və daimi konfransların keçirildiyi vurğulanıb.

Sonda natiq tədbirin Dədə Qorqudun yurdu Bayburtda yüksək səviyyədə keçirilməsində iştirak edən, ev sahibi olan millət vəkili professor Orxan Atəşə, TCOD-un fəxri sədri Sunay Dumana və TCOD-un sədri Öner Gelişkənə təşəkkür edib.

Tədbirdə eyni zamanda Azərbaycandan, Türkiyədən, Qırğızıstandan, Özbəkistandan, Şimali Kipr Türk Respublikasından gəlmiş oftalmoloqlar  maraqlı, aktual mövzulara həsr olunmuş məruzələrlə çıxış ediblər. Belə ki, Azərbaycandan Tural Qəlbinurun, Türkiyədən  Ayşe Burcunun, Umay Güvençin, Züleyxa Yalnız Akkayanın, Fatih Mehmet Mutlunun, Bekir Sıtkının Aslan, Süleyman Kaynakın, Oya Dönmezin, İlgaz Yalvaçın, Nurten Ünlünün, Betül Önal Günayın, Levent Karabaşın, Ecem Önder Tokucun, Qırğızıstandan  Azizbek Eshmambetovun, Özbəkistandan  Nazım Zaynutidinovun, Şimali Kipr Türk Respublikasından  Şerife Özhuyun məruzələri maraqla dinlənilib. Milli Oftalmologiya Mərkəzindən həkim Aynur Nəbiyeva da tədbirdə iştirak edib.

Sonda iştrakçılara sertifikatlar təqdim olunub və Bayburt şəhərində yerləşən Bakı muzeyinə səyahət proqramı təşkil edilib. 

Zərifə BƏŞİRQIZI 

XQ





Səhiyyə