Doktor, xəstənin taleyi sizin əlinizdədir...

post-img

Dünyaya gözümüzü  açanda başımız üstə anamızla bahəm onu da görürük. Ağlayanda, sızlayanda, dərdimizə çarə tapmayanda anamız da ona üz tutur: Həkim, kömək edin!

Böyüyürük, həyatın enişli-yoxuşlu yolları ilə addımlayırıq, özümüzü narahat hiss edəndə, xəstəliyə düçar olanda, ağrı-acı yaxamızdan tutanda yenə də ona pənah aparırıq: Həkim, ümid sizədir!

Doğmalarımızdan kiminsə canı ağrıyanda, kimsə ağrılar içində qovrulanda, hətta həyatla-ölüm arasında çarpışanda, ən ümidsiz və köməksiz vəziyyətdə olanda da yenə  onun qapısını döyür, əllərinin şəfasina tapınırıq: Həkim, xilas edin!

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar.

İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramıdır. Onlar müqəddəs peşələri ilə xəstələri həyata qaytarır, şəfalı əlləri ilə ömürlərə ömür calayırlar. Ona görə də bu gün ən xoş sözlər  müqəddəs peşə sahiblərinin ünvanınadır.

Şair yaxşı deyib:

Ömür itirəndə təravətini,

O zaman bildirir öz qiymətini...

Onların əməyinə, bilik və bacarığına həyatın ən kritik məqamlarında ehtiyac duyuruq. Xeyirxah peşə sahibləri ən ağır və çıxılmaz vəziyyətlərdə ürəklərdə ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Onları əbəs yerə xilaskar adlandırmırlar.

Həmişə olduğu kimi, yeni növ koronavirus COVD-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər.

Son dörd ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVD-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və  tibbi təlimatçı olmaqla, ümumilikdə, 44 tibb işçisi qəhrəmancasına şəhid olub.

Böyük loğman İbn Sina yazırdı ki, həkim şahin baxışına, qız əlinə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır. Bir də deyirlər ki, o həkim xoşbəxtdir ki, qidası dərman, dərmanı isə qidadır.

Ən ağır və ən ümidsiz vəziyyətlərdə üz tutduğumuz, pənah apardığımız ağ xalatlı peşə sahibləri hətta ən ümidsiz və ən ağır vəziyyətlərdə hər şeyin həm də xəstənin öz əlində olduğunu anlatmaq üçün bəzən deyirlər: “Çarəsizsiniz. Çarə sizsiniz”.

Ümid yeri olmaq, şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. lə buna görə də onlar hər cür hörmət və ehtirama layiqdirlər.

Süleyman QARADAĞLI

Səhiyyə