Tatuaj etdirən insanlarda limfoma xərçənginin inkişaf riski yüksəkdir.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu, İsveçdə aparılan bir araşdırmada məlum olub.
İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında İsveçdə limfoma xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11905 nəfərin məlumatlarından istifadə edərək tatuaj və xərçəng arasında əlaqəni araşdırıblar. Onlar müəyyənləşdiriblər ki, tatuaj etdirən insanlarda limfoma xərçənginin inkişaf riski, olmayanlara nisbətən 21 faiz daha yüksəkdir.
Tədqiqatçılar tatuajda istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin döymə zamanı dəri baryerini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər. Tatuajın ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq tatuajın bədəndə iltihaba təsir etdiyini və limfoma xərçəngi riskini artırdığını diqqətə çatdırıblar.