ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raketlər buraxmasını pisləyib

post-img

ABŞ Şimali Koreyanın qısa mənzilli ballistik raketlər buraxmasını pisləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu hərəkətləri pisləyir, Şimali Koreyanı qeyri-qanuni və sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırır. Biz vəziyyəti izləməyə davam edirik. ABŞ-ın Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyi sarsılmaz olaraq qalır", - bəyanatda qeyd edilib.

Öz növbəsində ABŞ Dövlət Departamentinin nümayəndəsi Pxenyanı təxribat xarakterli hərəkətlərdən çəkinməyə və diplomatiyaya qayıtmağa çağırıb.

Yaponiyanın Baş naziri Fumio Kişida isə bildirib ki, Şimali Koreyanın ballistik raketlər buraxması BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.

“Yaponiya bu hərəkətləri kəskin şəkildə pisləyir, biz artıq etirazımızı bildirmişik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Şimali Koreya Yapon dənizinə doğru 10 ballistik raket atıb.

Dünya