Oftalmoloqların Gəncə konfransı

post-img

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə mayın 10-da Gəncə şəhərində Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş XIII Regional konfrans keçirilib. 

Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, bu sahənin aktual məsələlərini müzakirə etmək, həmçinin region həkimlərinin bu konfranslarda iştirakını təmin edərək, onların inkişafına dəstək olmaqdır. 

Tədbirdə Bakı, Qobustan, Şəki, Gəncə, Göranboy, Yevlax, Bərdə, Ağstafa, Göyçay və digər bölgələrdən mütəxəssis və alimlər iştirak ediblər. 

Mərasimi giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb. O, öncə 10 may– ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf edən konfransda ulu öndərin səhiyyə, xüsusilə oftalmogiya sahəsinə ayırdığı diqqətdən, onun həkimlər haqqında bildirdiyi dəyərli fikirləri bölüşüb: “Həkimləri insanlarla bir çox tellər bağlayır. Həkimin qəlbinin hərarəti ilə isinən, onun peşə ustalığı ilə tamamlanır. Onun şəxsi səmimiyyətini və diqqətini bir-birindən ayırmaq qeyri-mümkündür”. 

Sonra E.Qasımov Azərbaycanın tanınmış alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs edib. O, qeyd edib ki, hazırda ölkəmizdə oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyevanın “Azərbaycan Oftalmolqlar Cəmiyyətinin dünəni və bu günü” mövzusunda çıxışında ölkəmizin oftalmologiyasına töhfə verən qocaman alimlərimizdən, müasir oftalmologiyanın inkişafından və digər məsələlərdən bəhs edilib. 

Mərasimdə, həmçinin “Göz travmaları zamanı korluqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparilan müayinə və müşahidələrin nəticələri”, “Mərkəzi serroz xorioretinopatiya”, “Anti- VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar”, “Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnostikası”, “Katarakta əməliyyatından sonra quru göz sindromu” mövzularında məruzələr dinlənilib. Tibb üzrə fəlsəfə doktorları Mirana Mirişova,  Rühəngiz Balayeva, Xalid Əliyev, Aişə Şahmalıyeva, Qafar Tağıyev və digər oftalmoloqların təqdim etdikləri məruzələr maraqla qarşılanıb.

Z.HÜSEYNOVA
XQ





Səhiyyə