24 mart - Dünya Vərəmlə Mübarizə Günüdür. Dünya Səhiyyə Təşkilatı və Dünya Vərəmlə Mübarizə Birliyinin təşəbbüsü ilə 1982-ci ildən etibarən hər martın 24-ü bütün ölkələrdə Dünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar günün yaranma tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Günün təsisində məqsəd dünya ictimaiyyətinin diqqətini vərəm probleminə cəlb etməkdir.
Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 10 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri işləri aparılıb.
XQ