“Dərman vasitələri haqqında” Qanuna yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, 38 ölkədən və iki beynəlxalq qurumda qeydiyyatdan keçmiş dərman vasitələrinin Azərbaycana gətirilməsi tanınma rejiminin tətbiqi ilə asanlaşacaq. Yəni, azad gömrük sazişində olan dərmanlar ölkəyə tanınma rejimi ilə daxil olacaq. Bu da təbii olaraq dərman vasitələrinin çeşidini birmənalı olaraq artıracaq.
Dərmanların qiymətlərinə gəldikdə, deyə bilərəm ki, mövcud qanunvericiliklə Tarif Şurası tənzimlədiyi qiymət konkret qiymət idi. Tənzimlənən qiymət onu aşağı və yuxarı həddini müəyyən etməyə imkan vermirdi. Yeni qanun layihəsinə əsasən, dərman vasitələrinin yuxarı həddi müəyyən edilib. Yəni, dərmanların qiymətini aşağı da salmaq mümkün olacaq. Bir sözlə, qanuna dəyişikliklərlə dərmanların çeşidləri artır, dərmanların qiymətinin aşağı həddə salınması sərbəstləşir. Çeşidin artması rəqabətin yüksəlməsinə səbəb olacaq və bu da qiymətlərdə ucuzlaşmaya gətirib çıxaracaq.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsi ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Qeydiyyatda olmayan dərman vasitələrinin qiymətlərində heç bir dəyişikliyin baş verməyəcəyini bildirən nazir müavini elektron reseptlərin tətbiqi ilə mənfi hallara son qoyulacağını da diqqətə çatdırıb.
“İnsanları narahat edən suallardan biri Azərbaycanda dərmanların başqa ölkələrdən daha baha olmasının səbəbi ilə bağlıdır. Bu məsələdə bir neçə amilə diqqət yetirilməlidir. Yəni, fikir vermək lazımdır ki, müqayisə edilən dərman həmin ölkənin daxili, yoxsa idxal məhsuludur. İkinci amil isə ondan ibarətdir ki, hər hansı şirkət qiyməti sifarişin sayına uyğun olaraq tənzimləyir. Bu da iqtisadiyyatın qanunlarından biridir. Bir ədəd əmtəəni almaq 100 ədəd əmtəəni almaqdan daha baha başa gəlir. Bu baxımdan dərmanların qiymətlərini müqayisə etmək düzgün deyil”, - deyə Rasim İsmayılov qeyd edib.
Nazir müavini əlavə edib ki, qiymətlə bağlı hər hansı konkret fakt olarsa, bunu araşdırmaq lazım gəlir. Məsələn, eyni molekulu olan dərmanın qiyməti istehsalçı ölkədən asılı olaraq dəyişir. Bu da dərmanın maya dəyərindəki fərqlərlə bağlıdır.