Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda İİV/QİÇS və hepatitlər üzrə milli proqramların qiymətləndirməsi missiyası təşkil edilib. Missiya çərçivəsində ÜST-nin Avropa üzrə regional ofisinin və sözügedən sahələr üzrə əməkdaşlıq etdiyi mərkəzlərin nümayəndələrindən və beynəlxalq məsləhətçilərdən ibarət ekspert qrupu İİV/QİÇS və hepatitlər üzrə proqramların diaqnostika, müalicə, profilaktika tədbirləri daxil olmaqla, hərtərəfli qiymətləndirməsini həyata keçirib.
Qeyd edək ki, qiymətləndirmə prosesinin birinci mərhələsində ekspert qrupu distant formatda hər iki sahə üzrə təqdim olunan sənəd, hesabat və protokolları nəzərdən keçirərək təhlil edib.
Ölkəyə səfəri zamanı missiyanı həyata keçirən ekspertlər Səhiyyə Nazirliyi, QİÇS-lə mübarizə üzrə Mərkəz, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Tibb Universitetinin müxtəlif kafedraları, Hepatit Komitəsi, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri və Mama-Ginekologiya institutları, Respublika Narkoloji Mərkəzi, Qan Bankı, Hemodializ Mərkəzi, Respublika Perinatal Mərkəzində görüşlər keçirib və müzakirələr aparıblar, Eyni zamanda, ekspertlər Ədliyyə Nazirliyinin penitensiar müəssisələrini ziyarət edib və Lənkəran rayonuna səfər ediblər.
Missiyanın səfərinin yekunu olaraq keçirilən debrifinqdə missiya qrupu İİV və hepatitlər üzrə dövlət proqramlarının qiymətləndirməsinin nəticələrini və tövsiyələrini bölüşüb. Ekspertlər milli proqramların İİV və hepatitlər üzrə Regional Fəaliyyət Planına uyğun olaraq təkmilləşdirilməsini tövsiyə ediblər. Onlar ölkədə QİÇS və hepatitlərin eliminasiyasına nail olmaq üçün bütün imkanların mövcudluğunu vurğulayıb və həmin missiyanın ÜST-nin bu sahədə texniki dəstəyinin bir hissəsi olduğunu bildiriblər.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”