Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi.

Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanmasının böyük önəm daşıdığını dedi.

Alparslan Bayraktar qeyd etdi ki, Azərbaycan və Türkiyə dövlət başçılarının liderliyi ilə ölkələrimiz bir çox mühüm layihələr həyata keçirib və əməkdaşlığımız genişlənir. O, xüsusilə enerji sahəsinə toxunaraq, Türkiyə Petrolları (TPAO), BOTAŞ və SOCAR-ın əməkdaşlığının həm Türkiyənin daxili bazarı, həm də sənayesinin inkişafı üçün əhəmiyyətini vurğuladı. Qonaq SOCAR-ın Türkiyədə böyük sərmayədar olduğunu deyərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qardaş ölkədəki fəaliyyətini məmnunluq hissi ilə qeyd etdi. O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna toxundu.

Alparslan Bayraktar ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişafa nail olduğunu deyərək, Azərbaycanın enerji, o cümlədən bərpaolunan enerji sahəsində də uğurlar qazandığını qeyd etdi, ölkələrimizin bu istiqamətdə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Qonaq Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə ötən il Naxçıvanda Azərbaycanda və Türkiyədə bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasının önəmini bir daha qeyd etdi və bu layihənin 2024-cü ildə yekunlaşacağına ümidvar olduğunu dedi.

Dövlətimizin başçısı Türkiyə Prezidentinin bugünkü tədbirlə bağlı məktubuna görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasından qısa müddət sonra Naxçıvanda boru kəmərinin hazır vəziyyətdə olacağını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu layihənin Naxçıvanın elektrik enerjisi istehsalı və təbii qazla təchizatı baxımından çox önəmli layihə olduğunu dedi.

Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğunu qeyd edən Azərbaycan Prezidenti bu gündəliyin təbii qaz, neft, bərpaolunan enerji növləri, Türk Petrollarının SOCAR ilə birlikdə başqa ölkələrdə birgə fəaliyyəti və digər sahələri əhatə etdiyini vurğuladı.

Ölkələrimiz arasında enerji sahəsində nəhəng layihələrin həyata keçirildiyini deyən dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin bütün sahələrdə olduğu kimi, enerji məsələsində də özünü göstərdiyini qeyd etdi.

Prezident İlham Əliyev hazırda Azərbaycan təbii qazının 8 ölkəyə ixrac edilməsinin əhəmiyyətinə toxundu və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi.

Rəsmi xronika