Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib YENİLƏNİB

post-img

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəmizə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd etdi, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirdi.

Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırdı.

Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq, İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev hazırda Qarabağda aparılan bərpa-quruculuq işlərini qeyd etdi və Böyük qayıdış layihəsinin həyata keçirildiyini bildirdi.

Azərbaycanda Səudiyyə Ərəbistandan olan turistlərin sayının artmasındakı müsbət dinamikaya toxunan dövlətimizin başçısı turistlərin sayı ilə bağlı COVID-19 pandemiyasından əvvəlki rəqəmlərə çatmağın vacibliyini vurğuladı və bu istiqamətdə böyük potensialın olduğunu dedi.

Görüşdə Azərbaycanda və Səudiyyə Ərəbistanında ölkələrimizin iqtisadi, investisiya, turizm və digər potensialını əks etdirən sərgilərin təşkilinin vacibliyi bildirildi, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd edildi.

Həm Azərbaycanda, həm də Səudiyyə Ərəbistanında urban inkişaf üzrə çox böyük layihələrin həyata keçirildiyi bildirilərək bu sahədə də əməkdaşlığın vacibliyi vurğulandı.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Rəsmi xronika