“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasına “etməyin” sözündən sonra“, həmçinin silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin” sözləri əlavə edilsin.
Maddə 2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I) 18-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.”.
Maddə 3. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386 (Cild I) 3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “b” yarımbəndinə “147-ci maddəsində” sözlərindən sonra “, 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolun 15-ci maddəsinin 1-ci hissəsinin a – c bəndlərində” sözləri əlavə edilsin.
Maddə 4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 53-cü maddəsində “və ya beynəlxalq” sözləri “, xüsusi mühafizə və ya” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2024-cü il