Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019, 1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987; 2020, № 5, maddə 522, № 7, maddələr 832, 843, № 11, maddə 1326; 2021, № 12, maddə 1315; 2022, № 3, maddə 194, № 7, maddələr 692, 696; 2023, № 2, maddə 184; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 807-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 47.4.3-cü maddəyə “sənədlərinin” sözündən sonra “elektron formada” sözləri əlavə edilsin;

1.2. 75-ci maddə üzrə:

1.2.1. 75.3.1-ci maddədə “sənədin surəti” sözləri “sənəd” sözü ilə əvəz edilsin;

1.2.2. 75.3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd;”;

1.2.3. 75.4-cü maddənin birinci cümləsinə “tikintiyə” sözündən sonra “icazəyə” sözü əlavə edilsin və həmin cümlədə “ərizənin və tikinti layihəsinin” sözləri “ərizəyə əlavə edilmiş sənədlərin” sözləri ilə əvəz edilsin;

1.2.4. 75.8-ci maddədə və 75.10-cu maddənin birinci cümləsində “verilməsi” sözü “verir” sözü ilə əvəz edilsin;

1.2.5. 75.11-ci maddənin birinci cümləsində “icazənin surəti” sözləri “icazə” sözü ilə və “layihəsinin bir nüsxəsi” sözləri “layihəsi” sözü ilə əvəz edilsin;

1.2.6. 75.13-cü maddənin birinci cümləsində “icazə barədə qərarın əsli” sözləri “icazənin” sözü ilə, ikinci cümləsində “layihəsinə” sözü “layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə” sözləri ilə əvəz edilsin;

1.2.7. 75.14-cü maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir.”;

1.2.8. aşağıdakı məzmunda 75.16-cı maddə əlavə edilsin:

“75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

1.3. 79.1.1-ci maddədən “yardımçı tikililərin,” sözləri çıxarılsın;

1.4. 80-ci maddə üzrə:

1.4.1. 80.1-ci maddəyə “yaşayış evlərinin” sözlərindən sonra “, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin” sözləri əlavə edilsin;

1.4.2. 80.4-cü maddənin birinci cümləsində “sənədin surətini həmin orqana təqdim” sözləri “sənədi məlumata əlavə” sözləri ilə əvəz edilsin;

1.4.3. aşağıdakı məzmunda 80.4-1-ci və 80.7-ci maddələr əlavə edilsin:

“80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”;

“80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

1.4.4. 80.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir.”;

1.5. 81-ci maddə üzrə:

1.5.1. 81.1.1-ci maddədə “çıxarışın surəti” sözləri “çıxarış” sözü ilə əvəz edilsin;

1.5.2. 81.1.2-ci maddədə “vəsiqəsinin surəti” sözləri “vəsiqəsi” sözü ilə əvəz edilsin;

1.5.3. 81.1.3-cü maddədə “sənədin surəti” sözləri “sənəd” sözü ilə əvəz edilsin;

1.5.4. 81.4-cü maddədə “icazə barədə qərarın əsli” sözləri “icazənin” sözü ilə əvəz edilsin;

1.5.5. aşağıdakı məzmunda 81.5-ci maddə əlavə edilsin:

“81.5. Reklam qurğularının tikintisinə icazə icraatı üzrə bu Məcəllənin 81.1-ci və 81.2-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

1.6. 82-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 82. Tikinti işlərinin başlanmasına əsaslar barədə məlumat verilməsi

Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir.”;

1.7. 83-cü maddədə “83.0, 83.0.1, 83.0.2, 83.0.3, 83.0.4, 83.0.5, 83.0.6, 83.0.7, 83.0.8” rəqəmləri müvafiq olaraq “83.1, 83.1.1, 83.1.2, 83.1.3, 83.1.4, 83.1.5, 83.1.6, 83.1.7, 83.1.8” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 83.2-ci maddə əlavə edilsin:

“83.2. Tikinti layihəsi (o cümlədən onun bölmələri) elektron formada hazırlanır.”;

1.8. 84-cü maddə üzrə:

1.8.1. 84.1-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı vasitəsilə” sözləri “təchizat müəssisələri tərəfindən” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;

1.8.2. 84.2-ci maddənin ikinci cümləsində “vəziyyət” sözü “baş” sözü ilə əvəz edilsin;

1.8.3. aşağıdakı məzmunda 84.4-cü maddə əlavə edilsin:

“84.4. Tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin verilməsinin təmin edilməsi üzrə bu Məcəllənin 84.1 – 84.3-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;

1.9. 92-ci maddə üzrə:

1.9.1. 92.1.2-ci və 92.4.2-ci maddələrə “tikinti obyektinin” sözlərindən sonra “, habelə bitişik və ya qonşu obyektlərin” sözləri əlavə edilsin;

1.9.2. 92.4.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə;”;

1.9.3. 92.4.4-cü maddədə “1 il” sözləri “6 ay” sözləri ilə əvəz edilsin;

1.9.4. 92.5-ci maddənin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

1.10. aşağıdakı məzmunda 92-2-ci maddə əlavə edilsin:

“Maddə 92-2. Ərazi planlaşdırılması sənədlərinin tələblərinin təmin edilməsi ilə bağlı yazılı göstərişlər

92-2.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərazi planlaşdırılması sənədlərinin tələblərinin təmin edilməsi ilə bağlı (reklam qurğularının tikintisinə münasibətdə istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onların aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) icrası məcburi olan yazılı göstəriş təqdim edir:

92-2.1.1. tikintiyə icazə icraatı zamanı tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin müvafiq ərazini əhatə edən müfəssəl planın tələblərinə, müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumumatlandırma icraatı məqsədləri üçün onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olmadığı müəyyən edildikdə;

92-2.1.2. tikintiyə icazə icraatı zamanı tikinti obyektinin tikinti layihəsinin və ya məlumatlandırma icraatı zamanı barəsində belə icraat nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaların tələblərinə uyğun olmadığı müəyyən edildikdə və ya yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunmaması aşkar edildikdə;

92-2.1.3. bu Məcəllənin 75.5.1-ci maddəsinin tələblərinə əməl edilmədən tikinti obyektlərinin tikintisinə icazə verilməsi aşkar edildikdə;

92-2.1.4. aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməməsi müəyyən edildikdə;

92-2.2. Bu Məcəllənin 92-2.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir.

92-2.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəllənin 92-2.1.1 – 92-2.1.4-cü maddələrinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir.

92-2.4. Yazılı göstəriş maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.”.

1.11. 95-ci maddə üzrə:

1.11.1. 95.1.2-ci maddədə “1 il” sözləri “6 ay” sözləri ilə əvəz edilsin;

1.11.2. 95.1.3-cü maddədə “2 il” sözləri “1 il” sözləri ilə əvəz edilsin;

1.12. 102-ci maddə üzrə:

1.12.1. 102.1-ci maddəyə “istismarına icazə” sözlərindən sonra “verilməsi” sözü və “tərəfindən” sözündən sonra “bu Məcəllənin 102.1-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqdim edilmiş” sözləri əlavə edilsin;

1.12.2. 102.1.1-ci maddədə “sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri” sözləri “sənədləri” sözü ilə əvəz edilsin;

1.12.3. 102.1-1-ci maddədə “icazə barədə qərarın surətini” sözləri “icazəni” sözü ilə əvəz edilsin;

1.12.4. 102.4-cü maddədə (ikinci halda) “verilməsi” sözü “verir” sözü ilə əvəz edilsin;

1.12.5. 102.4-1-ci maddənin birinci cümləsində “haqqında qərarı” sözləri “üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə məlumatı” sözləri ilə və ikinci cümləsində “qərar” sözü “məlumat” sözü ilə əvəz edilsin;

1.12.6. 102.4-2-ci maddənin birinci və ikinci cümlələrindən və 102.4-3-cü maddəsinin üçüncü cümləsindən “təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə” sözləri çıxarılsın;

1.12.7. 102.6-cı maddənin birinci cümləsindən “və ya bilavasitə təqdim edir” sözləri, ikinci cümləsindən “sifarişli poçt göndərişi ilə” sözləri və “və ya bilavasitə təqdim edə” sözləri çıxarılsın;

1.12.8. aşağıdakı məzmunda 102.9-cu maddə əlavə edilsin:

“102.9. Tikinti obyektinin istismarına icazə icraatı üzrə bu Məcəllənin 102.1-102.4-3-cü, 102.6-cı və 102.7-ci maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”.

Maddə 2. Bu Qanunun 1.1-ci, 1.2-ci, 1.4.2–1.4.4-cü, 1.5–1.8-ci və 1.12-ci maddələri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

Qanunlar