Xocalı şəhidlərinin xatirəsi Muğam Mərkəzində anıldı

post-img

“İRƏLİ” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş tədbirlər həyata keçirilib. 

“XQ” xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri əvvəlcə faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində eyniadlı mərasim keçirilib. 

Təşkilatın sədri Şahin Rəhmanlı çıxış edərək, faciədən 33 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə tam hüquqi-siyasi qiymət verilməməsini, lakin 2023-cü il sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyinin tam təmin olunmasını qeyd edib. Digər çıxışlarda isə Xocalı həqiqətlərini qlobal şəkildə dünyaya çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının geniş fəaliyyəti diqqətə çatdırılıb.

Sonra, Cahangir Cahangirov adına xor kollektivi və  istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub, poeziya nümunələri səsləndirilib. 

Qeyd edək ki, anım günü çərçivəsində birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə də fəal şəkildə paylaşımlar edirlər. Kampaniya ilə bağlı gənclər tərəfindən “X” sosial şəbəkə platforması üzərindən #JusticeforKhojaly heşteqindən istifadə edilməklə Xocalı həqiqətləri ilə bağlı infoqrafik tvitlərin paylaşılması davam edir.

Burada əsas məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin həmişə yad edilməsi, eyni zamanda törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.

Fidan
XQ















Qan yaddaşı