Bu ildən etibarən Türkiyənin “TRT TÜRKÜ” radio kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramının növbəti buraxılışı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
Bununla bağlı AZƏRTAC-a proqramın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömər danışıb.
O bildirib ki, artıq dörd ildir Türkiyənin fərqli media məkanlarında yayımlanan “Azərbaycan ruzigarı” proqramının əsas hədəflərindən biri də Azərbaycan xalqının məruz qaldığı qətliamları dünya ictimaiyyətinə çatdırmaqdır.
“Budəfəki proqramda dinləyicilərə 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda törədilən soyqırımı haqqında məlumatlar verdik. Bu qanlı tarixlə bağlı hadisələri qələmə alan dahi yazıçı və bəstəkarlarımızın əsərləri, eləcə də milli muğamlarımızı səsləndirdik, şəhidləri yad etdik. Bu qanlı tarixin uzun illərdən sonra 1998-ci ildən etibarən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sərəncamı ilə soyqırımı günü kimi anılmağa başlandığını dinləyicilərin diqqətinə çatdırdıq. Proqramın müəllifi və aparıcısı, hər şeydən əvvəl bir azərbaycanlı kimi xalqımız üçün ağrılı olan bu günün tarixini geniş kütləyə çatdırmağı özümə borc hesab etdim”, - deyə Səidə Ömər bildirib.
Müsahibimiz qeyd edib ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində belə hadisələrlə üzləşsə də, daim müstəqillik arzusu ilə yaşayıb, bu yolda hər bir çətinliklərə sinə gərib. Bütün bu yaşananlara baxmayaraq, bu gün Azərbaycanın düşməni məğlub edə bilən güclü xalqı, müzəffər Ordusu var.