Sakarya Universitetində Xocalı soyqırımından danışılıb

post-img

Xocalı soyqırımının 32-ci ildönümü əlaqədar Sakarya Universitetində Sabahattin Zaim konfrans salonunda “Xocalı soyqırımını anma paneli” təşkil olunub.

XQ xəbər verir ki, tədbir Sakarya Universitetinin, Türk Dünyası Tətbiqetmə və Araşdırma Mərkəzi (TÜRKMER) və Sakarya Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətininin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra soyqırmdan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirin açılış hissəsində Sakarya Universitetinin rektoru, professor Hamza Al çıxışında tarixdə dəfələrlə zəfər çalmış qəhrəman türk xalqının nümayəndəsi kimi əcdadlarının məhz həmrəylik və səfərbərlik əzmiylə buna nail olduqlarına toxunub. Gənc nəslin elmin sirlərinə yiyələnməklə o əzmi davam etdirə biləcəklərini söyləyib. Ölkəmizin II Qarabağ müharibəsində şanlı Zəfərinə toxunarkən o, xalq-ordu vəhdəti, müasir hərbi texnikanın, dolayısı ilə elmi nailiyyətlərin, elmi-texniki tərəqqinin hərbi sənayedə uğurlu tətbiqi nəticəsində bu qələbənin qazanıldığını qeyd edib.

Sakarya Universitetinin Hüquq fakültəsinin dekanı, professor Şafak Narbay tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımını akademik və elmi cəhətdən təhlil edərək aparılan araşdırmalarından danışıb. Tədbirin təşkilatçılarına, o cümlədən Xocalı soyqırımı ilə bağlı araşdırmalarına görə professor həmkarlarına təşəkkür edib.

Daha sonra Sakarya Universitetinin professoru Köksal Şahinin moderatorluğu ilə panel iclası keçirilib. Paneldə Kazım Qarabəkir Vəqfinin İdarə Heyətinin sədri Timsal Qarabəkir, professor Haluk Selvi və professor Ferruh Tuzcuoğlu elmi məruzə ilə çıxış ediblər.

Sonda məruzəçilərə Türk Dünyası Tətbiqetmə və Araşdırma Mərkəzi (TÜRKMER) və Sakarya Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyəti adından təşəkkürnamələr təqdim edilib, xatirə şəkli çəkdirilib.  

Anar ƏLİ

XQ

Qan yaddaşı