Fevralın 23-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Təskinlik tapmış ruhlar” adlı sərgi-konfrans keçirilib. Tədbirdən əvvəl Azərbaycan İstiqlal Muzeyinin qanlı faciəni əks etdirən rəsmlərdən ibarət “Qələbəyə inam” adlı sərgisinə baxış keçirilib.
Məktəbin direktoru Mehriban Hacıyeva tədbiri giriş sözü ilə açaraq, Xocalı haqqında həqiqətlərin dünyada tanıdılması üçün Azərbaycan dövlətinin bütün zəruri addımlar atdığını qeyd edib. Bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır.
Sonra şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan İstiqlal Muzeyində qorunan Seyidağa Mövsümlünün lentə aldığı Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Dərdimi çəkirəm” adlı qısa metrajlı sənədli film nümayiş olunub.
Daha sonra Muzeyin elmi kütləvi işlər şöbəsinin elmi işçisi Ramidə Mamedova, Sabunçu Rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar Təşkilatının sədri Sabir Allahverdiyev, Silahlı Qüvvələrin veteranı, polkovnik-leytenant İlqar Qurbanov, 96 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzakət Əzizzadə və başqa qonaqlar çıxış ediblər.
Məktəbin şagirdləri Əsli Piriyeva, Aydan Şirinova və Banuçiçək Məmmədova Xocalı soyrıqımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri tədbir iştirakçılarına məruzə ediblər.
Tədbirin sonunda Qurban Pirimov adına Ağdam Musiqi Məktəbinin şagirdlərinin ifasında “Heyratı” muğamı təqdim olunub, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Fidan SALMANOVA
XQ