Bölgələrdə anım tədbirləri

post-img

Naxçıvan

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım məra­simləri keçirilib. 

Muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nü­mayəndələri, “Naxçıvan qaziləri” İctimai Birliyinin üzvləri və yüz­lərlə sakin Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gələrək Vətən qurbanlarının məzarlarını ziyarət edib­lər, qəbirlərin üzərinə tər qərənfillər düzüblər. 

Ziyarətçilər xiyabandakı “Ana heykəli”ni və 1918–1920-ci illərdə erməni cəlladları ilə mübarizədə Naxçıvanın köməyinə gəlmiş qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirə­sinə ucaldılmış abidəni də ziyarət edərək önünə güllər qoyublar.

Səlahiyyətli nümayəndə xiyabanda şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara muxtar respublika rəhbərliyinin ehtiramını ifadə edib.

Sumqayıt

“Qanlı yanvar” hadisələri zamanı Sumqayıt–Bakı magist­ral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində sumqayıtlı alimlər – İbrahim İbrahimov, İsmayıl Mirsaqulov və Svetlana Məmmədova sovet ordusunun zi­rehli texnikasının altına salınaraq şəhid olublar.

Ötən şənbə günü də anım mərasimi eyni qaydada keçirilib. Mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olub, Vətən uğrunda canlarından keçmiş igidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əmək­daşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında ucaldıl­mış “Qalib Əsgər” abidəsini və Vətənimizin qəhrəman övladları­nın məzarlarını ziyarət ediblər.

Gəncə

Qədim şəhərin Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrun­da itkin düşmüş hərbçilərin adları əks olunan abidə ziyarət olunub, sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyu­lub. 

Saat 12-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnal­ları verilib.

Mərasimdən sonra şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovun və Vətən uğrunda canlarını fəda edən digər şəhid­lərin məzarlarına gül dəstələri düzüblər. Şəhərin Xətai prospek­tində yerləşən “20 Yanvar” abidəsi də ziyarət olunub. Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub. 

Şəmkir

20 Yanvar şəhidlərini ehtiramla yad edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, o cüm­lədən rayon ictimaiyyəti əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoyublar.

Matəm əlaməti olaraq rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olu­nub və nəqliyyat vasitələrindən səs siqnalları verilib.

Sonra tədbir iştirakçıları Şəmkir Şəhidlər xiyabanını ziyarət edərək, azadlıq aşiqlərinin ruhları qarşısında baş əyiblər. 

Anım mərasimində çıxış edən RİH başçısı Rəşad Tağıyev bil­dirib ki, 34 il əvvəl Bakıda və digər şəhərlərdə sovet ordusunun törətdiyi dəhşətli hadisələrdə qəhrəman oğul və qızlarımız Azər­baycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban veriblər.

Mingəçevir 

Nur şəhərində 20 Yanvar faciəsi qurbanlarının nurlu xa­tirəsi böyük ehtiramla yad olunub. 

İldönümü ərəfəsində şəhərin Şəhidlər xiyabanı ərazisin­də “20 Yanvar” abidə-kompleksinin ətrafı tam abadlaşdırıla­raq qaydaya salınmış, insanların ziyarəti üçün hər cür şəra­it yaradılmışdır. Mingəçevir Dövlət Dram Teatrının yaradıcıkollektivi isə faciə ilə bağlı ədəbi-bədii kompozisiya hazırlayaraq təqdim edib. 

Yanvarın 20-də səhər Şəhidlər xiyabanına gələn şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxslə­ri, YAP şəhər təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, veteranlar, müharibə əlilləri və qazilər ölməz azadlıq mücahidlərinin ruhları­na dərin ehtiramlarını ifadə ediblər. 

Şirvan

20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə Şirvan şəhərinin rəhbərləri və ictimaiyyət nümayəndələri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanındakı 20 Yan­var şəhidlərinin xatirə lövhəsini, “Əbədi məşəl” abidəsini, Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər, Vətən qurbanlarının ruhuna dualar oxunub. 

“Şəhid anası” memorial abidə kompleksinin qarşısında da­vam edən anım mərasimində “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” mövzusunda çıxış edən Şirvan Şəhər İcra Hakimiy­yətinin başçısı İlqar Abbasov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövluyü uğrunda müba­rizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi qanlı cinayətlərin intiqamının dövlət müstəqilliyimizin qazanılma­sı və suverenliyimizin təmin edilməsi ilə alındığını söyləyib. Çıxış edənlər 20 Yanvar hadisələrinin yaxın tariximizdə hüznlü bir faciə olmaqla yanaşı, həm də milli varlığın yaşadılmasında öyünclü bir səhifə olduğunu qeyd ediblər. Sonra məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Həmin gün Milli qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağıro­vun, Rəfael Həbibovun büstləri də ziyarət edilib.

Yevlax 

20 Yanvar faciəsinin ildönümü ölkəmizin hər yerində ol­duğu kimi, Yevlaxda da silsilə tədbirlərlə qeyd edilib. 

Şəhərdəki Şəhidlər xiyabanında anım tədbirində icra ha­kimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin nü­mayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları işti­rak ediblər. “20 Yanvar” və “Şəhidlər” abidələrinin önünə çiçək dəstələri düzülüb. Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həm­vətənlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.

Tədbir çərçivəsində şəhər rəhbərliyi və Milli Məclisin deputatı şəhid ailələri ilə görüşərək, səmimi söhbət ediblər.

Kürdəmir 

20 Yanvar hadisələrinin 34-cü ildönümü – Ümumxalq Hüzn Günü Kürdəmirdə də şəhid ruhlarına böyük sayğı ilə qeyd edilib. 

Rayon rəhbərləri və ictimaiyyət nümayəndələri “20 Yanvar” parkına gələrək “Ana harayı” və “Şəhidlər” abidəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Şəhid məzarları ziyarət olunub. 

İcra hakimiyyətinin başçısı Elxan İbrahimov şəhid ailələrinə başsağlığı verərək, azadlıq mücahidlərinin Vətən, xalq qarşısın­da əvəzsiz xidmətlərinin unudulmadığını bildirib. 

Qəbələ

Dağlar diyarı Qəbələdə də şəhid ruhlarına ehtiram la­yiqincə ifadə olunub. 

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar icra haki­miyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təş­kilatların əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayən­dələri Qəbələ Rayon Şəhidlər xiyabanı kompleksini ziyarət edərək, ölümsüzlük qazanmış qəhrəmanların əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. Xatirə lövhələrinin qarşısına və məzarların üzərinə tər gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Saat 12-də isə rayonun bütün ərazisində şəhid­lərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Əli NƏCƏFXANLI,
Hamlet QASIMOV,
İlqar HƏSƏNOV
XQ









Qan yaddaşı