Şəhid: “Mənim günümə ağlamayın”

post-img

1990-cı ilin 20 yanvar – “qanlı şənbə” gecəsində şəhid olan insanlar arasında tanınmış pəhləvan Müşfiq İsayev də olub. 21 yaşlı gənc Vətənin azadlığı uğrunda sinəsini tankın qarşısına verməkdən çəkinməyib. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək olan ağdaşlı güləşçi parlaq gələcəyimizə böyük inam bəsləyirdi. Məhz işqlı sabahlara olan ümidi də yüzminlərcə insan kimi onu da meydanlara çıxarmışdı. 

Həmin müdhiş gecədə qoşunla­rın axşam saatlarında şəhərə girmə­si ilə bağlı məlumat onu da narahat etdiyindən evdə qərar tuta bilmə­miş, metronun “Gənclik” stansiyası yaxınlığındakı mitinq və etiraz aksi­yalarında sonacan dayanmağı qərara almışdı. Milli Azadlıq Hərəkatının öncüllərindən biri olan Müşviq bu zaman xalq birliyinin nə qədər vacib olduğunu yaxşı anlayırdı. 

Dostu Elxanın şəhid idmançı ilə bağlı dedikləri: 

–Həmin gecə ikimiz bir yer­dəydik. Birdən stadiondan tanklar çıxmağa başladı. Çıxmaqlarıyla da oradakıları işıq saçan güllələrə tut­maqları bir oldu. Birdən Müşfiq yıxıldı. Qışqırdım ki, dur, qaçaq. Dedi ki, ayağım tutulub, ovxala. Bu an gördüm ki, tanklar yaxınlaşır. Müşfiqin yanına uzandım. Onlar bizi ölmüş bilib keçdilər. Tanklar aralanan kimi onu qucağıma götürüb yaxınlıq­dakı ağaclığa qaçdım. Aparanda əlim qana bulaşdı. Orada gördüm ki, güllə ürəyinin üstündən dəyib, sağ çiynin­dən çıxmışdı. O tez-tez nəfəs alırdı. Hiss edirdim ki, son dəqiqələrini yaşayır. Burda məni ağlamaq tutdu. O dedi: — Mənim günümə ağlama­yın, öz gününüzə ağlayın ki, sabah... Burda sözlərin düzümü qırıldı. Başı çiyninə düşdü.

Nə deyəcəkdi görən Müşfiq? Kəşməkeşli tarixi olan Azərbaycan dövləti əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi uğrunda şərəflə müba­rizə aparıb. Bu müqəddəs mübarizə­də məhz xalqımızın qəhrəman oğul və qızları Vətəni diz çökməyə qoy­mayıblar. Müşfiq də canından əziz bildiyi yurdu uğrunda qurban gedən minlərcə Vətən övladı kimi şəhid oldu. Şəhidlər üçün ağlamırlar. Məhz onların özlərindən sonra qoyduqları mübariz ruh Vətəni ucadan uca edir. Müşfiq də məhz bunu demək istəyir­di. Çünki hər kəsə şəhidlik zirvəsi qismət olmur. 

Müşfiq İsayev sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayevin ki­çik qardaşı idi. Rusiyada qida səna­yesi ixtisası üzrə ali təhsil almışdı. 1987–1989-cu illərdə hərbi xidməti­ni başa vurduqdan sonra Bakıya qa­yıtmış, sərbəst güləş üzrə məşqlərini davam etdirmişdir. 

Bu gün xalqımızın qəhrəman şəhid övladının xatirəsi ürəklərdə ya­şayır. Hər il Bakıda Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnirlər təşkil edilir. Doğulduğu Ağdaş şəhərinin mərkəzində onun xatirəsinə küçə və orta məktəb də var. Rayonda şəhidin büstü qoyulub. Şəhid Müşfiq İsayevin xatirəsi xalqı­mızın qəlbində həmişə yaşayacaq.

Leyla QURBANOVA
XQ

Qan yaddaşı