“Kədərli və şərəfli tarixin dərsləri”

post-img

Yanvarın 19-da Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar Ümumxalq Hüzn Gününün 34-cü ildönümünə həsr olunmuş elmi sessiya keçirilib. 

Tədbiri giriş sözü ilə açan mu­zeyin direktoru, akademik Rafael Hüseynov “Kədərli və şərəfli tarixin dərsləri” mövzusunda məruzəsini diqqətə çatdırdı. Natiq bildirdi ki, bu gün – yanvar ayının 19-u Azər­baycan millət təqvimində son dərə­cə əlamətdar bir gündür. Çünki illər öncə – 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Azərbaycanın ta­rixində baş verən hadisə hələ çox onilliklər insanları düşündürəcək, keçmişdə baş verən hadisələri təh­lil etmək üçün yönəldəcək. Hər bir millətin tarixində elə səhifələr var ki, gərək unudulmasın. Həmin səhifələr yalnız onların haqqında danışmaq, olub keçənləri vərəqləmək üçün de­yil, həm də onlardan dərs almaq və gələcəkdə inamla addımlamaq öy­rənmək fürsətidir. 

Sovet İttifaqının silahlı qüvvələ­ri 1990-cı il yanvar ayının 19-da Azərbaycana hücum etdi. Xalqımız həmin günlər qurbanlar verdi. Yalın əlli dinc insanlar təpədən-dırnağa kimi silahlanmış böyük bir ordu ilə üz-üzə dayanmışdılar. Azərbaycan üçün o gün, əlbəttə ki, faciə idi. Ta­rixin gedişi sübut etdi ki, həmin gün həm də Sovet Ordusu üçün faciə idi, Sovet İttifaqı üçün faciə idi, sovet ideologiyası üçün faciə idi. Çünki o gün Azərbaycan xalqı itkilər verdi. Verilən itkilərin hər birinin əvəzində yeni-yeni insanlar yetişdi. Azərbay­can insanının mübarizlik ruhu birə­beş artdı. Ancaq həmin gün sovet imperiyasının süqutu günü idi. 

Azərbaycan insanı həmin gecə öz rəşadət və mərdliyi ilə gələcək istiq­lalımızın, az sonra başlanacaq dövlət müstəqilliyimizin təməlini qoydu. Yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər faciə idi, ancaq o gecə daha aydın sabaha açılırdı. O gecə sübut etdi ki, Azərbaycan xalqının iradəsini qırmaq mümkün deyil, Azərbaycan xalqını diz çokdürmək mümkün deyil. Bu hücumun məqsə­di Azərbaycana göz dağı verərək, həm də Sovet İttifaqına daxil olan digər respublikalara dərs vermək idi ki, əgər mərkəzi hakimiyyətə qarşı qalxsanız, müstəqillik ideyası irəli sürsəniz, sizin də aqibətiniz belə ola­caq. Azərbaycan həmin gün verdiyi qurbanlarla həm də Sovet İttifaqın­da yaşayan digər xalqların sonrakı taleyinə öz töhfəsini verdi. Onların da müstəqilliyə gedən yolunu açmış oldu. 

R.Hüseynov həmin günlərdə xalqımızın haqq səsinin dünya­ya çatdırılmasının qarşısını almaq məqsədilə Azərbaycan Televiziya­sının enerji blokunun partladıldığı, respublika televiziyası və radiosunun verilişlərinin tamamilə kəsildiyi bir vaxtda ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi. Bu qanlı hadisənin ertəsi günü ümum­milli lider Heydər Əliyevin özünün və ailəsinin həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Moskvada Azərbaycanın Daimi Nümayəndəli­yinə gedərək 20 Yanvar faciəsini bü­tün dünyaya bəyan etdiyini xatırlatdı.

Akademik 20 Yanvar hadisələri zamanı qəhrəmanlıq göstərmiş jurna­list və mətbuat işçilərinin də fəaliy­yətindən söz açdı, “Səhər” qəzetinin xüsusi nömrəsinin böyük tirajla nəşr olunduğunu xatırlatdı. Azərbaycanın çətin və ağrılı günlərində qazax xalqı­nın böyük oğlu Oljas Süleymenovun xalqımızın yanında olduğunu və bö­yük dəstək göstərdiyini vurğuladı.

Çıxışının sonunda R.Hüseynov 20 Yanvarın təkcə faciə deyil, həm də zəfər, qürur günü kimi qeyd edildiyi­ni bildirdi. O, 30 ilə yaxın işğal al­tında olan torpaqlarımızın azad edil­diyini, Azərbaycanın böyük tarixi Zəfər qazanaraq ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini və bu gün dünyanın güclü dövlətləri sırasında dayandığını dedi. R.Hüsey­nov xalqımızın hər zaman Azərbay­canın müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda can­larından keçən qəhrəman Vətən öv­ladlarının, şəhidlərinin xatirəsini əziz tutduğunu, heç zaman onları unutma­yacağını bildirdi.

Sonda Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiya­sında hazırlanmış “Silahdaşlar” filmi nümayiş olundu. Film 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir.

Qabil YUSİFOĞLU
XQ



Son xəbərlər