Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

post-img

Sentyabrın 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Strateji Planlar Departamentinin Baş Direktoru general-leytenant Yusuf Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Pakistan arasında bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizin xalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə də qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Ordu