Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

post-img

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi ilə qalıb olduğu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror tədbirləri dünyanın geosiyasi səhnəsində yeni dönəm yaradıb. Həmçinin döyüş əməliyyat teatrında dünya hərb tarixinə yeni səhifə yazılıb, beşinci nəsil müharibə nümayiş etdirilib. Nadir, uğurlu hərbi əməliyyatlar həyata keçirmiş Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib. Düşmənin hərbi-texniki potensialının bir hissəsi döyüş meydanında məhv edilib, digər böyük hissəsi qənimət kimi istifadəyə yararlı vəziyyətdə ələ keçirilib. Hərbi potensialın insan resursları (şəxsi heyət) isə döyüş meydanında fərarilik edib, silah və texnikanı yararlı vəziyyətdə qoyub qaçıb”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, Heydər Əliyev adına Hərbi İnstitutun baş müəllimi, hərbi ekspert Vüqar Əliyev deyib. O qeyd edib ki, Azərbaycan əsgəri və zabiti həyata keçirilmiş uğurlu hərbi fəaliyyətlərdə qalib olub, düşməndən qənimət götürülmüş silah, texnika, sursat və digər hərbi ləvazimatlar Orduya mədaxil edilib.

Hərbi ekspert bildirib ki, Silahlı Qüvvələrimiz müharibə nəticəsində itirdiyini nəinki bərpa edib, hətta hərbi texniki potensialını daha da artırıb. Hərbi potensialın şəxsi heyəti isə ən qabaqcıl döyüş təcrübəsi qazanıb, mənəvi psixoloji və fiziki cəhətlərdə yüksəlib. Azərbaycan vətəndaşı qürurlanıb, möhkəmlənib, özünə və rəhbərinə inanıb, ilhamlanıb.

Nəticə etibarı ilə Azərbaycan “artırıb”, Ermənistan isə “azaldıb”. Azərbaycan Qalibdir, qüvvətlidir, qürurludur özünə güvəni var. Ermənistan məğlubdur, gücsüzdür və mənəvi-psixoloji cəhətdən zəifdir.

“Ermənistan Azərbaycanla növbəti qarşıdurmaya gedərsə, bunun necə nəticələnəcəyi aydındır. Son onillikdə bir necə dəfə hərbi toqquşma baş verib və tendensiyanın belə də davam etməsi əsaslı məntiqə söykənir. Ermənistanın 2020-ci il Vətən müharibəsindən sonra aldığı və ona yardım verilmiş silah-sursat tərəflərin hərbi qüvvə və vasitələri vəziyyətinə cüzi şəkildə belə təsir edə bilmir. Deməli məsələ “hərbi təxribat”la yekunlaşır. Toqquşma olarsa, nəticəsi əvvəldən məlumdur”, - deyə V.Əliyev vurğulayıb.

Son bir ayda Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Naxçıvan və Kəlbəcər istiqamətlərində təxribatlarının intensivləşməsinə, yaşayış məntəqələrimiz istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutmasına münasibət bildirən hərbi ekspertin sözlərinə görə, dünyanın geosiyasətində “Quru ticarət yolları” və “Dəniz ticarət yolları” bir-biri ilə şiddətli rəqabət aparır. Bu rəqabət Şuveyş kanalı bölgəsində dənizdə və Cənubi Qafqazda quruda özünü daha bariz şəkildə büruzə verir. Bu rəqabətin qurudakı bağlayıcı düyünü Zəngəzurdur. Zəngəzurun İranla sərhədində Rusiya Federasiyası sərhədçiləri xidmət aparır. Zəngəzurun bir tərəfi Naxçıvandır, digər tərəfi isə Kəlbəcər. Azərbaycanla Ermənistan şərti sərhədində Sərhəd Qoşunları xidmət aparır. Zəngəzurun Naxçıvan və Kəlbəcər sərhədlərindən başqa, “hərbi təxribat” həyata keçirmək üçün Ermənistanın başqa ərazisi yoxdur. Rusiya və Türkiyə kimi böyük qonşular Ermənistanı sülhə dəvət edir. Sadalanan heç bir dövlət öz sərhədlərində regiona yad qüvvə, hərbi təhlükə, müharibə istəmir. Lakin iqtisadi inkişaf müstəqil və dayanıqlı kommunikasiyalara ehtiyac yaradır. Odur ki, dəniz ticarəti kommunikasiyalarına hakim olan Qərb dövlətləri qrupunun aqressiv siyasətinə qarşı birgə mövqedən çıxış etmək məcburiyyətindədirlər.

“Qərb dövlətləri Azərbaycan və Ermənistan arasında sülh istəmir. Bu sülh dünyanın geosiyasətinin son 500 ildə cərəyan edən dövranını kökündən dağıdır. Bu səbəbdən, onlar Ermənistanı sülh müqaviləsi imzalamaqdan çəkindirir, sülh danışıqlarını pozmaq üçün hərbi təxribata məcbur edirlər. Ermənistan suveren və öz iradəsinə hakim dövlət kimi fəaliyyət göstərmir və xaricdən göstərilən təsirlərə tab gətirməyə bacarmır. Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsi Zəngəzurun qapılarını açır, Şərq-Qərb, Şimal-Cənub arasında quru kommunikasiyaların birləşməsini təmin edir.

Bütün təxribatların səbəbi budur - qarşıda bağlanacaq sülh danışıqlarını pozmaqla Zəngəzur düyününü bağlı saxlamaq. Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi-iqtisadi-siyasi fəaliyyəti nəticəsində Ermənistanın hərbi-siyası resursları tükənib, bu ölkə diplomatik dalana dirənib. Ermənistan ya sülh sazişinə imza atacaq, ya da bu danışıqları hərbi təxribatlarla pozacaq. Hərbi təxribatların qarşısını almaq üçün isə Azərbaycanın hərbi gücü və siyasi iradəsi var”, - deyə polkovnik-leytenant əlavə edib.



Ordu