Qazaxıstanın Məngistay vilayətində “Birlestik-2024” (Birlik-2024) adı ilə hərbi təlimlər keçirilir.
Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, Xəzər dənizi sahilindəki “Oymaşa” poliqonunda keçirilən hərbi təlimlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçiləri iştirak edir.
Məlumatda bildirilir ki, beş ölkənin hərbçiləri “silahlı münaqişənin lokallaşdırılması” üçün şərti terrorçular tərəfindən tutulan adamın azad edilməsi, dənizin təhlükəsizliyinin təmin olunması və infrastrukturun qorunması üzrə birgə əməliyyatlar həyata keçirir.
Təlimlərə 4 minə yaxın əsgər, o cümlədən 700-dək hərbi texnika cəlb olunub.
“Münaqişənin lokallaşdırılması” əməliyyatında quru və hava kəşfiyyatı hərbçiləri, xüsusi dəniz təyinatlıları, artilleriya ekipajları, hücum və tank bölmələri, aviasiya və gəmilər iştirak edəcək.
Hərbi təlimlərin iyulun 17-dək davam edəcəyi bildirilir.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd