"Altay" tankları Türkiyə ordusuna təhvil veriləcək

post-img

Qardaş Türkiyənin BMC şirkətinin istehsal edilən “Altay” əsas döyüş  tankının ilk dəsti 2023-cü il aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcək. Bunu mətbuata açıqlamasında şirkətin baş direktoru Murat Yalçıntaş deyib.

Şirkət rəhbəri bildirib ki, aprel ayında Türkiyə Silahlı Qüvvələrinə sınaq üçün 2 ədəd “Altay” tankı veriləcək. 2024-cü ilin sonlarına qədər tamamlanacaq sınaqlardan sonra 2025-ci ildə başlanacaq seriyalı istehsal zamanı “Altay” tankında Cənubi Koreya istehsalı olan mühərrik və transmissiyadan istifadə ediləcək. 2026-cı ilin ikinci yarısından etibarən “Altay” tankları “BMC Power”nin istehsal edəcəyi yerli mühərriklə təchiz olunacaq. İndidən bir çox xarici ölkədən tankla bağlı müraciətlər daxil olur.

Türkiyənin Müdafiə sənayesi (SSB) naziri İsmail Dəmir bundan əvvəl bildirmişdi ki, hazırda Cənubi Koreyanın zirehli texnikalarında istifadə edilən güc qurğuları “Altay” tankına quraşdırılandan fərqlidir. Cənubi Koreya hələ də alman transmissiyasından istifadə edir.

“Altay” tankının prototipi hər cür iqlim və ərazi şərtlərində keçiriliən çətin testlərdə üstünlüyünü təsdiqləyib. Fərqli ssenarilərdə atış testləri keçirilən tankın bütün hava şəraitində və məsafələrdə yüksək vuruş dərəcəsi qeydə alınıb. Birinci mərhələdə hazırlanan prototiplərin kalifikasiya və qəbul testləri 2017-ci ilin fevralında uğurla tamamlanıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən istehsala icazə sənədi alındıqdan sonra, “Otokar” şirkəti Quru Qoşunları Komandanlığının ehtiyaclarını qarşılamaq üçün “Altay” tankının seriyalı istehsalını əhatə edəcək ikinci mərhələdə 250 ədəd tankın istehsalı və onların İnteqrə Logistik Dəstək işlərinə dair təklifi SSB-yə təqdim edib. SSB-nin elan etdiyi bu tenderə “Otokar” ilə yanaşı, BMC və FNSS şirkətləri 2017-ci il noyabrın 16-da təkliflərini verib. 2018-ci ilin aprel ayında Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tankının seriya istehsalı üçün qərar verib. 

SSB başqanı İsmail Dəmir 2020-ci ildə seriya istehsalının ilkin mərhələsində əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının istehsalının həyata keçiriləcəyini, sonrakı mərhələdə bu prosesin xaricdən alınan mühərrklərlə davam etdiriləcəyini bildirmişdi. 

Türkiyənin BMC şirkətinin kütləvi istehsal edəcəyi “Altay” əsas döyüş tankının zirehini “Roketsan” şirkəti hazırlayacaq. “Roketsan”ın “Altay” əsas döyüş tankına quraşdıracağı ERA (partlayıcı reaktiv zireh) tandem döyüş başlıqlı tank əleyhinə raketlərə qarşı qorumanı təmin edir. ERA zirehin modulyar dizaynı sökmə və yeniləmə əməliyyatlarını asan şəkildə aparmağa imkan verir. Bundan başqa, ERA müxtəlif zirehli maşınlara da uyğunlaşdırıla bilir. “Altay” əsas döyüş tankı “Roketsan”ın hazırlayacağı passiv, aktiv və reaktiv zireh komponentləri ilə üstün qorumaya malikdir. 

“Altay” tankının mühafizə sistemini ASELSAN şirkəti AKKOR mühafizə sistemi ilə təmin edəcək. Hələ 2015-ci ildə ASELSAN şirkəti Türkiyənin Müdafiə Nazirliyi ilə “Altay” tankı üçün aktiv mühafizə sisteminin (AKKOR olaraq tanınacaq) istehsalına dair müqavilə imzalayıb. ASELSAN şirkətinin 2008-ci ildən üzərində çalışdığı AKKOR sistemi modulyar dizaynı sayəsində “Altay” ilə yanaşı, müxtəlif tank və zirehli maşınlarda tətbiq edilə bilər. Sistemin müvafiq radar, mərkəzi komputer və fiziki məhvetmə mərmisinin sınaqdan keçirildiyi testlər 2010-cu ildən etibarən uğurla gerçəkləşdirilib. AKKOR tankın ətrafında 360 dərəcə bucaq altında tam qoruma qalxanı yaradır. Sistemin yüksək texnologiyalara əsaslanan radarı üzərinə gələn raket və mərmini qısa zaman içində təyin edir. Həmin təhdidə qarşı yönləndiriləcək sursat üzərindəki sensorun yardımı ilə yaxınlaşmaqda olan tank əleyhinə təhdidi ən yaxın olduğu anda partlayaraq təsirsiz hala gətirir.

Əlavə edək ki, “Otokar” şirkəti “Altay” tankının asimmetrik müharibə şəraiti üçün modernizə edilən variantı “Altay-AHT”ni də hazırlayıb və ilk dəfə IDEF-2017 müdafiə sənayesi sərgisində nümayiş etdirib. İxrac potensialı olan “Altay-AHT” şirkətin öz resursları hesabına “Altay” tankının gövdə və qüllə platforması üzərində inkişaf etdirilib. Yüksək davamlılıq, hərəkət və atəş qabiliyyəti xüsusiyyətləri olan “Altay-AHT” tankı “Altay” tankından bəzi keyfiyyətlərinə görə fərqlənir.

Bundan başqa, Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Altay” tankının gövdə platforması üzərindən inkişaf etdirilərək minatəmizləmə maşını yaratmaq istəyir. Bununla bağlı, 2018-ci ildə SSB Məlumat İstək Sənədi (BİD) ilə layihəyə qoşulacaq şirkətlərə müraciət edib. SSB işi Quru Qoşunlar Komandanlığı üçün aparacaq.

Layihə çərçivəsində mexaniki keçid açma sistemi ilə tank və piyada əleyhinə minaları yerindən çıxarıb keçid kənarına atan, minaları partlatmaq yolu ilə müəyyən ölçülərdə keçid qazan, maqnetik lokator sistemi ilə maqnetik borulu minaları partladan, təmizlənmiş keçid işarələmə sistemi ilə minalı sahədə açdığı keçidi işarələyə bilən tırtıllı bir texnikanın hazırlanması tələb edilir. 

Rizvan FİKRƏTOĞLU,

Xalq qəzeti

Ordu