Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 281 Bakı şəhəri, 23 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 sentyabr tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 823 (Cild I); 2024, № 1, maddə 82; 2025, № 2, maddə 204) ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir.

1.3. Ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra − Agentlik) tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirirlər.”.

2. 1.4-cü bənddə “rayon və şəhər dövlət baytarlıq müfəttişinin” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin.

3. 1.5-ci bənddə “rayon və şəhər dövlət baytarlıq müfəttişləri” sözləri “Agentlik” sözü ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 1.9-1-ci bənd əlavə edilsin:

“1.9-1. Ekspertiza aktının verilməsi baytarlıq mütəxəssisinin rəyinə əsasən Agentlik tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.”.

5. 2.2-ci bəndin ikinci abzasında “yuxarı hissəsində “Azərbaycan Respublikası”, aşağı hissəsində” sözləri “təsvirində” sözü ilə əvəz edilsin.

6. 2.3-cü və 2.4-cü bəndlərdə “Baytarlıq xidməti” sözləri “Dövlət baytarlıq nəzarəti” sözləri ilə əvəz edilsin.

7. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.7. Baytarlıq damğa və ştamplarında göstərilən rəqəmlər Agentlik tərəfindən müəyyənləşdirilir.”.

8. 4.4-cü bənddə “müşayiətedici baytarlıq şəhadətnaməsi (sertifikatı)” sözləri “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq verilən müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi)” sözləri ilə əvəz edilsin.

9. Həmin Qaydalara Əlavə − “Ət və ət məhsullarının nişanlanması üçün baytarlıq damğa və ştamplarının nümunələri” üzrə:

9.1. 1-ci və 2-ci hissələrin mətnindən “Azərbaycan Respublikası” sözləri çıxarılsın;

9.2. 3-cü və 4-cü hissələrin mətnində “BAYTARLIQ XİDMƏTİ” sözləri “DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları