№ 92 Bakı şəhəri, 19 mart 2025-ci il
“Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 17 oktyabr tarixli 323 nömrəli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I); 2024, № 2, maddələr 225, 229) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 3-cü hissəsi ləğv edilsin.
2. “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 571) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bənddən “Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar” sözləri çıxarılsın;
2.2. həmin Qərarla təsdiq edilmiş “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın 3.9-cu bəndindən “, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin” sözləri çıxarılsın.
3. “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1614 (Cild I) ləğv edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri