№ 41 Bakı şəhəri, 20 fevral 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 iyun tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 575 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hesabına keçirilən vəsaitdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. 1.2-ci bəndə “işçilərinin” sözündən sonra “(bundan sonra - işçilər)” sözləri əlavə edilsin;
1.2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Bu Qaydanın 4.1-1-ci bəndi nəzərə alınmaqla, xüsusi vəsait işçilərin aylıq vəzifə maaşına əlavə (bundan sonra - əlavə) formasında ödənilir.”;
1.3. 1.6-cı bənddən “aylıq vəzifə maaşlarına ödənilən” sözləri çıxarılsın.
2. 3-cü hissə üzrə:
2.1. adında və 3.1-ci bənddə “Aylıq vəzifə maaşına əlavənin” sözləri “Əlavənin” sözü ilə əvəz edilsin;
2.2. 3.2–3.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.2. Əlavənin ödənilməsi məqsədilə hər ay üçün əlavə hesablanır.
3.3. Əlavə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi işçilərin faktiki işlədikləri iş günlərinin cəmlənmiş sayına bölünməklə və alınan nəticə hər bir işçiyə münasibətdə onun faktiki işlədiyi iş günlərinin sayına vurulmaqla aşağıdakı düstura uyğun hesablanır:
Ə = (XV x 18 : İGS) x İİG
100
burada:
Ə - əlavənin məbləği (manatla);
XV - hesabat ayı üçün xüsusi xəzinə hesabına daxil olan vəsaitin məbləği (manatla);
İGS - hesabat ayında işçilərin faktiki işlədikləri iş günlərinin cəmlənmiş sayı;
İİG - əlavəsi hesablanan işçinin faktiki işlədiyi iş günlərinin sayı.
3.4. Əlavə tam rəqəmdən sonra yüzdə birə qədər riyazi yuvarlaqlaşdırma aparılmaqla müəyyən edilir.”.
3. 4-cü hissə üzrə:
3.1. adında “Aylıq vəzifə maaşına əlavənin” sözləri “Əlavənin” sözü ilə əvəz edilsin;
3.2. 4.1-ci bənddə “Aylıq vəzifə maaşına” sözləri “Bu Qaydanın 4.1-1-ci bəndi nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 4.1-1–4.1-3-cü bəndlər əlavə edilsin:
“4.1-1. “ASAN xidmət” mərkəzlərindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (bundan sonra - VXSİDA) hesabat ayında vəsait əldə edən işçilərə münasibətdə əlavə bu Qaydanın 4.1-2-ci bəndində nəzərdə tutulan hal istisna olmaqla digər hallarda həmin işçilərə ödənilmir.
4.1-2. VXSİDA-nın işçiyə ödədiyi məbləğ həmin işçiyə münasibətdə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq hesablanmış əlavənin məbləğindən aşağı olduqda bu məbləğlər arasındakı fərq işçiyə ödənilir.
4.1-3. Bu Qaydanın 4.1-1-ci və 4.1-2-ci bəndlərinin tətbiqi əsasında ödənilməyən və qalıq məbləğlər cəmlənir və formalaşan vəsait digər işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə istifadə edilir.”;
3.4. 4.2-ci bənddə “işçilərin aylıq vəzifə maaşına” sözləri “işçilərə” sözü ilə əvəz edilsin;
3.5. 4.3-cü bənddə “Aylıq vəzifə maaşına əlavəyə” sözləri “Əlavəyə” sözü ilə əvəz edilsin;
3.6. 4.4-cü bənddə “Aylıq vəzifə maaşına əlavə” sözləri “Əlavə” sözü ilə əvəz edilsin və həmin bəndə “günləri” sözündən sonra “(işçinin ezamiyyətdə olduğu günlər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.7. aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:
“4.5. Bu Qaydanın 4.1-1-ci və 4.1-2-ci bəndlərinin tətbiqi ilə əlaqədar VXSİDA “ASAN xidmət” mərkəzlərindəki fəaliyyətinə görə hər bir işçiyə aylıq ödədiyi vəsaitin məbləği barədə məlumatları ödəniş edildiyi gündən sonra növbəti 3 iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim edir.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri