Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№  376   Bakı şəhəri,  5  avqust  2024-cü il

Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblərin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 2443 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qiymətləndirmə fəaliyyəti həyata keçirilərkən qiymətləndiricinin etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik halları əsasında onun fəaliyyəti üzrə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin, habelə qiymətləndirmə haqqında müqavilə şərtlərinin pozulması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəymiş zərərin ödənilməsi qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına dair minimum tələbdir. 

2. Qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi 200.000,0 (iki yüz min) manat müəyyən edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları