№ 343 Bakı şəhəri, 17 iyul 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda və 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 1076 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:
“5.1-1. Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını bu Qayda ilə müəyyən edilmiş formalara uyğun tərtib etməli (6 və 7 nömrəli formalar) və hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.”;
1.2. 5.2-ci bəndin birinci cümləsinə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri əlavə edilsin;
1.3. həmin Qaydaya aşağıdakı məzmunda 5 və 6 nömrəli əlavələr edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 789 (Cild I) ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.10-cu yarımbəndə “Nazirliyinə” sözündən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə” sözləri əlavə edilsin;
2.2. 4-cü hissə üzrə:
2.2.1. 4.1-ci bəndin birinci cümləsində “15 (on beş) gün” sözləri “15 (on beş) iş günü” sözləri ilə, ikinci cümləsində “15 (on beş) günədək” sözləri “15 (on beş) iş gününədək” sözləri ilə əvəz edilsin;
2.2.2. 4.1-1-ci bənddə “sonrakı gün” sözləri “sonrakı iş günü” sözləri ilə əvəz edilsin;
2.2.3. 4.2-ci bəndin birinci cümləsindən “illər üzrə tərtib edilən” sözləri çıxarılsın;
2.2.4. 4.3-cü bəndin üçüncü cümləsi çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri