Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 259 Bakı şəhəri, 16 may 2024-cü il

Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qay­daları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbay­can Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Pre­zidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2460 nömrəli Fərmanının icrası­nı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110,111; Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 182 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublika­sında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissənin “d” bəndi aşağıdakı redaksiyada verilsin:

“d) “Cinayət yolu ilə əldə edilmiş əm­lakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksi­yaları haqqında” Azərbaycan Respub­likasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada monitorinq olunmalı əməliyyatlara dair, həmçinin hədəfli ma­liyyə sanksiyalarının tətbiqi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı tələblərə riayət etməli, bu sahə­də Azərbaycan Respublikasının normativ hüquqi və normativ xarakterli aktlarında nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidirlər;”.

2. 16-cı hissənin altıncı abzası aşağı­dakı redaksiyada verilsin:

“Cinayət yolu ilə əldə edilmiş əmla­kın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməmə­li, işgüzar münasibətlər yaradılmamalı, habelə işgüzar münasibətlərə xitam ve­rilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.”.

3. 33-1-ci hissəyə aşağıdakı məz­munda üçüncü abzas əlavə edilsin:

“Notariuslar “Hədəfli maliyyə sank­siyaları haqqında” Azərbaycan Respub­likası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirə salınmadan və həmin maddədə göstə­rilən şəxslərə xəbərdarlıq etmədən don­durmalı və dərhal bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya eh­tiyatı vasitəsilə məlumat verməlidirlər.”. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları