Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 233 Bakı şəhəri, 1 may 2024-cü il

“Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında

“Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 dekabr tarixli 2372 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

2.1. enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahları altı ay müddətində təsdiq etsin;

2.2. bu Qərarın 2.1-ci bəndində qeyd olunan hesabat formalarının və metodoloji izahların, habelə hər il “Azərbaycan Respublikasının enerji balansı”nın layihəsinin tərtib edilməsi və icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Azərbaycan Respub-likasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də daxil olmaqla daimi fəaliyyət göstərən İşçi qrupun yaradılmasını və onun fəaliyyətinin əlaqələndirilməsini təmin etsin;

2.3. rəsmi internet səhifəsində “Azərbaycan Respublikasının enerji balansı” adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının on ay müddətində yaradılmasını təmin etsin;

2.4. ölkədə istehsal (tədarük) olunan enerji və yanacaq növlərinin istiliktörətmə qabiliyyəti üzrə göstəricilərini müəyyən edərək, “Enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsalları”nı səkkiz ay müddətində təsdiq etsin və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 2.3-cü bəndində nəzərdə tutulmuş tədbirin həyata keçirilməsini təmin etmək məqsədilə müvafiq maliyyə vəsaitinin ayrılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi rəsmi statistika məqsədləri üçün ölkə üzrə enerji balansının beynəlxalq metodologiyalara uyğun olaraq hər il iyul ayının sonunadək tərtib edilməsini və rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını müəyyən edir.

1.2. Enerji balansı energetika subyektlərindən alınan məlumatlar (enerjinin istehsalı həcmləri, enerjinin təchizatı üzrə öhdəliklər, habelə enerjinin istehlakına dair məlumatlar) əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən tərtib edilir.

1.3. Enerji balansı bu Qaydanın əlavəsində göstərilən struktura uyğun əvvəlki iki ilin faktiki, cari ilin gözlənilən, növbəti ilin illik, rüblük və hər sonrakı üç ilin illik proqnoz göstəriciləri əsasında tərtib edilir.

1.4. Enerji balansı tərtib edilərkən enerji məhsullarının şərti ölçü vahidlərinə orta çevrilmə əmsallarına istinad olunur.

1.5. Enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində  nəzərdə tutulan məlumatları təqdim etməli olan energetika subyektlərinin (bundan sonra – subyektlər) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli 233 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən Nazirlikdə yaradılan İşçi qrup (bundan sonra – İşçi qrup) tərəfindən müəyyən edilir.

2. Enerji balansının hazırlanması və təsdiq edilməsi

2.1. Subyektlər növbəti il üçün neft, təbii qaz, elektrik və istilik enerjisi üzrə itki və texnoloji sərf normalarını (%-lə), elektrik stansiyaları üzrə ayrı-ayrılıqda olmaqla elektrik enerjisinin istehsalı və xüsusi sərfiyyatı, habelə elektrik və istilik enerjisinin buraxılışı üzrə şərti yanacağın xüsusi sərfinin (qram/kilovattsaat və kiloqram/ qiqakalori ifadələri ilə) və gücdən istifadə əmsalının (%-lə) göstəricilərini hər il mart ayının 15-dək Nazirliyə təqdim edir. Nazirlik həmin məlumatlar əsasında növbəti il üçün normaları mart ayının sonunadək təsdiq edir.

2.2. Subyektlər hər il aprel ayının 15-dək enerji balansının tərtib edilməsi üçün bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan məlumatları Nazirlik tərəfindən təsdiq edilən hesabat formalarına uyğun olaraq Nazirliyə təqdim edir. Subyektlər məlumatları bu Qayda ilə müəyyən edilən müddətdə və düzgün təqdim etməlidirlər.

2.3. Subyektlərin bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar İşçi qrup tərəfindən təhlil olunur və müvafiq düzəlişlərin edilməsi zərurəti yarandıqda, həmin məlumatlar İşçi qrupun rəyi əlavə olunaraq hər il may ayının 1-dək subyektlərə qaytarılır.

2.4. İşçi qrupun rəyi nəzərə alınmaqla, subyektlər tərəfindən dəqiqləşdirilən məlumatlar hər il may ayının 15-dək yenidən Nazirliyə təqdim edilir.

2.5. Nazirlik tərəfindən hər il iyun ayının 1-dək enerji balansının layihəsi tərtib olunur, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq təqdim edilmiş enerji balansının layihəsi noyabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Nazirlik tərəfindən rəsmi internet səhifəsində məhdud giriş imkanlarına malik “Azərbaycan Respublikasının enerji balansı” elektron məlumat bazasında (bundan sonra - məlumat bazası) yerləşdirilir.

2.7. Enerji resurslarının hərəkəti və qiymətlərində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə enerji balansının proqnoz göstəricilərinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər subyektlər tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 10 (on) gün müddətində Nazirliyə, Nazirlik tərəfindən dəyişikliklər baş verdiyi tarixdən 30 (otuz) gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

3. Enerji balansının icrasına nəzarət

3.1. Enerji balansının icrasına nəzarət İşçi qrup tərəfindən həyata keçirilir.

3.2. İşçi qrup subyektlər tərəfindən bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hesabatların bu Qaydaya uyğun olaraq təqdim edilməsinə, eləcə də proqnozların icrasına nəzarət edir.

3.3. Subyektlər tərəfindən enerji balansı üzrə cari ilin faktiki göstəriciləri növbəti ilin mart ayının 1-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.

3.4. Nazirlik tərəfindən növbəti ilin aprel ayının 1-dək enerji balansı üzrə cari ilin gözlənilən göstəriciləri faktiki göstəricilərlə əvəz edilir və məlumat bazasında yerləşdirilir.

3.5. Bu Qaydanın 2.6-cı bəndinə əsasən təsdiq edilmiş enerji balansının icrası barədə rüblük məlumatlar subyektlər tərəfindən hər rübdən sonrakı ayın 20-dək real vaxt rejimində məlumat bazasına daxil edilir.

3.6. Bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulan rüblük məlumatda enerji balansının faktiki göstəricisi proqnoz göstərici-sindən 10 faizdən çox kənarlaşma olduğu halda rüblük məlumata bu kənarlaşma üzrə arayış əlavə edilir. 

3.7. İşçi qrup tərəfindən enerji balansının icrası barədə məlumatların təhlili, qiymətləndirilməsi aparılır, bu barədə rüblük (o cümlədən artan yekunla) arayışlar hazırlanaraq birinci rübün nəticələri üzrə cari ilin may ayının 15-dək, ikinci rübün nəticələri üzrə cari ilin avqust ayının 15-dək, üçüncü rübün nəticələri üzrə cari ilin noyabr ayının 15-dək, dördüncü rübün nəticələri üzrə isə növbəti ilin mart ayının 15-dək məlumat bazasında yerləşdirilir. 

3.8. Nazirlik bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulan arayışlar əsasında enerji balansının cari il üzrə icra vəziyyəti haqqında (ayrı-ayrı subyektlər üzrə məlumatlar da daxil edilməklə) hesabatı növbəti ilin mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3.9. Nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyə-tinin, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin və subyektlərin məlumat bazasına real vaxt rejimində çıxışını təmin edir.

Nazirlər kabinetinin qərarları