“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinə açılan qapı oldu”

post-img

ABŞ Muğam cəmiyyətinin sədri, xalqımızın musiqiçi dostu Cefri Verbax ilə bu qandonduran cinayət barədə isti bir söhbət

20 Yanvar 1990-cı il Azərbaycan tarixində kədər, ağrı, eyni zamanda, milli özünüdərk günü kimi əbədi qalacağı şübhəsizdir. Çünki Qara Yanvar kimi yaddaşlara həkk olunan bu tarix, Bakının mülki əhalisinin faciəsinin simvoluna çevrilməklə yanaşı, həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəti dönüş nöqtəsinə çevrilib. Müstəqilliyə yol açan bu faciəyə istər kənardan, istər daxildən yanaşmalar müxtəlif olsa da, onları birləşdirən mahiyyət birdir: İmperiyanın milli faciəyə rəvac versə belə susdura bilmədiyi azadlıq və müstəqillik mücadiləsinin qələbəsi!

Tarixin təsdiqlədiyi bu qənaəti 20 Yanvar – Hüzn Gününün acısını yaşadığımız son günlərdə redaksiyamızla bölüşənlərdən biri amerikalı musiqiçi, Amerika Muğam cəmiyyətinin sədri, Azərbaycanın dostu Cefri Verbax (Jeffrey Werbock) oldu. Son illər Azərbaycanda tez-tez olan amerikalı qonağımızla söhbətimiz təkcə 20 Yanvarın onun yaddaşında buraxdığı izlər, milli yaddaşmızda bu faciənin yeri ilə bağlı deyil, eyni zamanda, dövlətimizin 44 günlük müharibədəki Zəfərdən sonra Qarabağın, xüsusən də Şuşanın dirçəlişi sahəsində yürüdüyü yola nəzər salmaq, milli musiqimizin vurğunu olan bir insanın Azərbaycan mədəniyyəti ilə qurduğu mənəvi bağlar barədə oldu.

“Telefon xəttində eşitdiyim səslər ürəkaçan deyildi”

– Cənab Verbax, 20 Yanvar faciəsi Sovet imperiyasının XX əsrin sonunda törətdiyi ən qanlı hadisələrdən biri kimi bütün dünyanı sarsıtmışdı və ola bilməzdi ki, Azərbaycanı, onun mədəniyyətini sevən bir insan dərhal bu haqda məlumat almamış olsun və bu hadisələrə öz baxışı olmasın. Bakıdakı qırğınları eşidəndə hansı hissləri yaşadınız? O günləri necə xatırlayırsınız?

– Açığını deyim ki, Sovet ordusunun tanklarla, zirehli texnika ilə ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxan əliyalın xalqın üstünə yeriməsini, onu gülləyə tutmasını eşidəndə əvvəlcə inana bilmədim. Axı bu necə ola bilərdi? Lakin yanvarın 20-də “The New York Times” qəzetində bu hadisə haqqında materialı oxuyanda dəhşətə gəldim. Məqalədə 19-20 yanvar gecəsi Sovet ordusu bölmələrinin Bakıya daxil olması, rəsmi bəhanə kimi fövqəladə vəziyyətin elan edilməsi göstərilirdi. Lakin bu hərbi əməliyyatın başlanacağı əhaliyə çatdırılmamışdı. Tanklar və silahlı birləşmələr şəhərə daxil olaraq küçələrdə silahsız mülki şəxslərə atəş açmışdılar. Yüzlərlə insan - kişilər, qadınlar, yaşlılar və uşaqlar - öldürülmüşdü. Çoxlu yaralılar vardı və minlərlə ailənin taleyi əbədi olaraq məhv edilmişdi.

Yenə inanmaq istəmədim. Təşvişə düşdüm və dərhal Bakıda kimlərləsə əlaqə saxlamağa çalışdım. Bilirsiniz ki, o vaxtlar indiki kimi birbaşa əlaqə yox idi. Nəhayət, yanvarın 20-si müəyyən adamlarla əlaqə qurmaq mənə müyəssər oldu. Telefon xəttində hələ də gurultulu səslər eşidirdim və bu, son dərəcə qorxulu idi.

Sonrakı günlərdə isə Bakı qırğını ilə bağlı bir çox mətbuat orqanlarında oxuduğum hesabatlar ürəyimi parçaladı. Üç ay sonra Bakıdan bir qonaq – səhv etmirəmsə, doktor Rüstəmov – Nyu-Yorka gəldi. O, Xəzər Dəniz Gəmiçiliyi Şirkətinə məxsus və onun idarə etdiyi bir xəstəxananın direktoru olduğunu dedi. ABŞ-a səfərinin məqsədi burada xəstəxanaların necə layihələndirildiyini və tikildiyini öyrənmək idi.

Onu bir neçə xəstəxanaya apardım. Xəstəxanalardan biri bizi əməliyyat otağına buraxdı – əlbəttə, bütün sanitar qaydalara əməl etdikdən sonra. Doktor Rüstəmov orada videoçəkilişlər apardı. Xəstəxanaları gəzdiyimiz günlərdə o, mənə 20 Yanvar hadisələri zamanı yaralanan insanlar haqqında danışdı, hətta teflon örtüklü, bədəndə parçalanan xüsusi güllələrdən söz açdı. Bu güllələrin çıxarılması son dərəcə çətin idi. Bu, ağlasığmaz idi, axı müharibə zamanı beynəlxalq konvensiyalara görə belə güllələrdən istifadə qadağan edilmişdi.

Az bir vaxt ərzində faciə haqqında qəzetlərdə dərc edilən statistik məlumatları, hadisənin canlı şahidlərinin fikirlərini oxudum. 1991-ci ildə Bakıya ikinci səfərim zamanı isə xahiş etdim ki, məni şəhidlərin dəfn edildiyi məzarlığa aparsınlar ki, onların xatirəsini ehtiramla yad edim. Şəhidlər xiyabanında artıq 20 Yanvar faciəsinin mahiyyətini daha dərindən anlamağa başladım.

İndi Azərbaycanın 20 Yanvar 1990-cı il tarixindən sonra baş verənlərə nəzər salanda anlayırsan ki, Bakı 36 il əvvəl yaşadığı o müdhiş gecə təkcə insan faciəsi deyil, həm də mənəvi bir çevriliş idi. Vətəndaşlarını qoruduğunu elan edən bir dövlət onlara qarşı zor tətbiq etmişdi. Fundamental insan hüquqları pozulmuşdu, ədalət və humanizm prinsipləri tapdalanmışdı. Bu hadisələr dağılan Sovet sistemi daxilində dinc-yanaşı yaşamağın mümkünlüyü ilə bağlı son illüziyaları da darmadağın etdi.

Mən hər dəfə telekanallarda, internet resurslarında o qanlı tarixi hadisələri izləyəndə belə qənaətə gəlirəm ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli oyanış gününə çevrildi. Bakı küçələrində tökülən qan xalqınızı sındırmadı, əksinə, onların müstəqillik arzusunu gücləndirdi. Həlak olanların dəfn mərasimlərini ekranda izlədikcə, öz-özümə deyirəm, bu birlik və ləyaqətin əsl kütləvi təzahürüdür. Bu gün Bakıdakı Şəhidlər xiyabanı hər daşın azadlığın qiymətini xatırlatdığı müqəddəs bir xatirə yerinə çevrilib. Gələcək nəsilləriniz bunu tarixin dərsi olaraq əbədi anacaqlar.

Neçə illərdir mən görürəm ki, Qara Yanvar Azərbaycan xalqının kollektiv yaddaşında yaşamağa davam edir. Bu, təkcə matəm günü deyil, həm də suverenliyin qorunmasının, sülhün dəyərləndirilməsinin və gələcək üçün edilən qurbanları unutmamağın vacibliyi haqqında dərs günüdür. 1990-cı ilin 20 Yanvar xatirəsi ağrı, cəsarət və xalqın sarsılmaz ruhunun xatirəsidir.

“Azərbaycan mədəniyyəti, sadəcə, zəngin deyil – misilsizdir”

– Azərbaycan sizi çoxdan öz bağrına basıb və öz oğlu hesab edir. Bu sevgiyə, bu ehtirama necə nail olduğunuzu soruşsalar, cavabınız nə olardı?

– 30 ildən çoxdur ki, Azərbaycana gəlib-gedirəm. Bəlkə də 60 dəfədən çox gəlmişəm. Hətta elə olub ki, bir ildə dörd dəfə gəlmişəm. Lakin əvvəllər dövlət və ya hər hansı şirkətin dəvəti ilə səfər edirdimsə, indi çox vaxt özüm gəlirəm. Ölkənizə gəldiyim ilk vaxtlardan xalqınız haqqında bir qənaəti tam qətiləşdirmişəm ki, azərbaycanlılar son dərəcə istedadlı insanlardır. Onlar başqa xalqların mədəni xəzinələrindən bəhrələnib daha da mükəmməl dəyərlər yaratmaqda əsl dahidirlər. Xalçalarınız, musiqiniz, mətbəxiniz – hətta diliniz belə möhtəşəmdir. Azərbaycan türkcəsi qulağa daha şirin gəlir, amma bu dildə danışmaq adama daha böyük zövq verir. Ona görə də neçə illər əvvəl qarşıma məqsəd qoydum ki, bu dili öyrənməliyəm. Ona nail oldum, Azərbaycan dilini lüğətsiz, müəllimsiz, təkbaşına öyrəndim. Amma əsl Bakı ləhcəsi ilə danışmaq istəyirəm.

Muğam kimi möhtəşəm bir sənət nümunəsi yaratmaq – inanılmazdır. Bunun ən parlaq ifaçıları məhz azərbaycanlı sənətkarlardır. Mən Azərbaycan muğamının sonsuz vurğunuyam. Muğamı canlı olaraq ilk dəfə 1988-ci ildə – Zeynəb Xanlarova, Arif Babayev, tar ifaçısı Zamiq Əliyev və Ədalət Vəzirov ABŞ-a qastrol səfərinə gəlirkən dinlədim. Möhtəşəm idi. Elə həmin ilin dekabrında Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova üçlüyü ABŞ-a konsertə gəldi. Xəbərini eşidən kimi qaçaraq özümü konsert zalına çatdırdım. Oturub böyük maraqla onların ifasını dinlədim. Muğama o qədər valeh olmuşdum ki, özümdən ixtiyarsız ayağa qalxıb qışqırdım: “Gözəl muğam!”.

O qədər bu sənətə vuruldum ki, artıq bir çox xarici ölkələrdə – Almaniyada, İsveçrədə, İngiltərədə, İsraildə konsertlər verməyə başladım. Müxtəlif ölkələrin universitetlərində professorların dəvəti ilə muğam sənəti haqqında məruzələr söyləyirəm. Əksər hallarda öz ifamla muğamın izahını nümayiş etdirirəm. Muğamı sadəlikdən mürəkkəbə doğru anlatmağa çalışıram. Yad bir ölkə vətəndaşı ilk təqdimatdan muğamın dərinliklərini, mürəkkəbliyini qavraya bilməz. Ona görə də ilk olaraq sadəlikdən başlayaraq muğam haqqında bildiklərimi gənclərə öyrədirəm.

Məsələn, ABŞ-da universitetlərə gedib muğam ifa edirəm. İnana bilməzsiniz ki, amerikalı tələbələr ifalarıma necə maraqla qulaq asırlar! Qaydaya əsasən, ifanı bitirəndən sonra başqa kursun tələbələri auditoriyaya gəlməlidir. Bəzən elə olur ki, tələbələr otaqdan çıxmır. Bir dəfə amerikalı tələbə hirslənib dedi: axı niyə mən indiyə qədər muğama qulaq asmamışam?! Bu barədə bizə niyə məlumat verməyiblər?

Çox əlamətdar hadisədir ki, ildən-ilə sənətə yeni səslər, ifaçılar gəlir. Onların tanıdılmasına, muğam sənətinin bütün dünyada təbliğ edilməsinə dövlətinizin böyük qayğısı var. Bu məni çox sevindirir.

– Elə bilirəm ki, muğama hədsiz sevginiz bəlkə də əslən azərbaycanlı olmağınızla bağlıdır…

– Mən belə düşünmürəm. Yəni muğama sevgimin müəyyən qan bağlılığı ola bilər. Amma mən bu musiqini eşidən ilk gündən ona vurulmuşam. Həyatda isə elə azərbaycanlı tanıyıram ki, onlar muğama etinasız yanaşırlar, elə qərblilər tanıyıram ki, onlar bu sənətin aşiqidirlər. İfa etmək isə tamam başqa duyğudur.

Ən maraqlısı isə budur ki, azərbaycanlılar öz mədəniyyətlərinin nə qədər böyük və misilsiz olduğunu bilirlər. Necə də bilməsinlər ki? Amma bununla belə, onu dərindən öyünməyi sevmirlər. Sanki öyünmək, bildiyini nümayiş etdirmək yaxşı tərbiyəyə uyğun sayılmır. Ona görə də mənim kimi kənardan gələn biri Azərbaycan mədəniyyətinin dünyada ən gözəl mədəniyyətlərdən biri olduğunu deyəndə və onun bir parçası olmaq istədiyini bildirəndə, bunu yüksək qiymətləndirirlər. Düşünürəm ki, aramızdakı bağ məhz bu qarşılıqlı tanınmadan yaranır.

– Bildiyimə görə, Azərbaycan yeməklərini də çox sevirsiniz. Bu doğrudurmu?

– Azərbaycan yeməklərini sevməmək olarmı? Mətbəxiniz son dərəcə dadlıdır. Xüsusən dovğanı, dolmanı, plovu xoşlayıram. Dovğa bir çox ölkələrdə var, amma Azərbaycan dovğasından dünyanın heç yerində yoxdur. Azərbaycan paxlavasına gəlincə isə, onu başqa, daha “orijinal” variantlarla müqayisə etmək heç də ədalətli deyil. Onlar da yaxşıdır, amma Azərbaycan paxlavasının yerini və dadını verə bilməz.

“Şuşanın azad edildiyini görəcəyimə inanmırdım”

– 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır, Şuşa yenidən dirçəlir. Bu prosesləri necə qiymətləndirirsiniz?

– Azərbaycanı və onun mədəniyyətini sonsuz sevən bunu necə qiymətləndirməlidir? Azərbaycanın Zəfər çaldığını eşidəndə, xüsusilə Şuşanın azad edildiyini biləndə sevincim yerə-göyə sığmırdı. Heç vaxt düşünməzdim ki, bu günü görəcəyəm. Bilirsiniz ki, mən Qarabağda bir neçə dəfə olmuşam və yenidən getməyi səbirsizliklə gözləyirəm.

Biz Şuşanın azad edilməsinə həsr olunmuş sənədli film çəkmişik. Bu filmi avqust ayında Bakıda, Nizami Kinoteatrında nümayiş etdirdik. Ümid edirəm ki, bu ilin sonlarına doğru yenidən Azərbaycana gələrək filmi Qarabağın şəhər və qəsəbələrində də göstərə biləcəyik.

Sözlərimi bəlkə də səmimi qəbul etməyə bilərlər. Amma səmimi-qəlbdən deyirəm ki, Azərbaycanı doğma vətənim hesab edirəm. Bura gələndə elə bil doğma evimə gəlirəm. Şəki, Gəncə, Mingəçevirdə, İmişli, Sabirabad, Saatlı, Bərdədə, Qubada olmuşam və öz doğma evim bilmişəm.

Azərbaycanda 10 milyondan çox dostum var. Bura o qədər gəlmişəm ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında mühafizəçi məni görən kimi deyir: “Ooo, Cefri, xoş gəlmisən”.

Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV
XQ

Müsahibə