Döyüşən sözün Zəfər öyüncü

post-img

Bu gün Xalq TV-nin qonağı Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Aqil Abbasdır. Hesab edirəm ki, Aqil müəllimi təmtəraqlı təqdim etməyə ehtiyac yoxdur. Çünki hər kəs onun necə vətənpərvər bir şəxsiyyət olduğunu yaxşı bilir. O, Qarabağ yolunda sözlə döyüşən ən öncül ziyalılarımızdan biri kimi tanınır. Qazandığı populyarlıq və üzərinə götürdüyü missiya onu Milli Məclisin deputatı səviyyəsinə yüksəldib. Söhbətimizin mövzusu isə çox həssas bir məsələdir: Tarixi Zəfərimizə döyüşən sözün dəstəyi.

– Aqil müəllim, mövzunun adı qısa olsa da məzmunu, ehtiva dairəsi çox genişdir.  Haradan, nədən, necə başlayaq?

– Əvvəla, xoş gördük. Bəli, mən Qarabağ uğrunda döyüşən insanlardan olmuşam. Ancaq təkcə qələmlə, sözlə yox, həm də Birinci Qarabağ müharibəsi dövründə atəşkəsədək  cəbhənin ön xəttində olmuşam. Yəni təkcə sözlə döyüşməmişəm. O çətin günlərdə Azərbaycan əsgərinin paltar, yemək və digər zəruri tələbat malları ilə təmin olunması işində öz şəxsi əlaqələrim sayəsində müəyyən yardımlara nail olmuşam. İndi bunları haradan, necə etmişik, onu bir o qədər açıqlamağa da ehtiyac duymuram. O vaxt cəbhədə silah-sursat çatışmazlığı da yaranmışdı. Elə olub ki, Ağcabədi, Bərdə və ətraf rayonlardan ov tüfəngləri toplayaraq cəbhə bölgəsinə çatdırmışıq. 

O vaxt demək olar ki, mən gündə-günaşırı cəbhə bölgəsində olurdum. Bizim üçün həddən çox çətin və ağır günlər idi. Xatırladığım çox məqamlar var. Biri də odur ki, o vaxtı atam Ağdam alınan günü Şıxbabalıda işdə olmuşdu. Mən dəfələrlə atama demişdim ki, gəl çıx buradan. O isə bildirirdi ki, sən hər gün qəzetdə Vətənin bu çətin günündə cəbhədən, el-obasını tərk edib qaçanları söyürsən. Onda bizə nə deyərlər? Ona görə də o kəndindən, el-obasından çıxmırdı. Sağ olsun vətənpərvər və cəsur döyüşçülərimizi, mühasirəni yarmış, atamgili çıxarmışdılar. İndi bunları düşündükcə və danışdıqca, sanki ,yenidən o günlər kino lenti kimi gözümün önündən keçir. 

– Birinci Qarabağ müharibəsində bütün əsgərləri və sizin kimi ziyalıları bir araya toplamaqla İrəvanadək getmək olardı. Lakin bu, olmadı. Niyə olmadı? Bütün bunları bilirik. Lakin siz “Dolu” romanı və filmi ilə cəmiyyətdə yaranmış bir ruh düşkünlüyü vardı ki, onu aradan qaldırmağa da kömək elədiniz. Zəfərə inam elə zəfərin özü deməkdir.

– Təkcə mən yox, çox adamlar vətənpərvərlik ruhunda yaradıcılıqla məşğul oldu bu illər ərzində. Lakin mən bütün yaradıcılığımı bu amala sərf elədim. Hər kəs kimi, mən də bu inamı yaşatmağa çalışdım. Bir çox yazıçılar, şairlər bu inamı yaşatmağa çalışırdılar. Lakin mən daha çox yazırdım bu barədə. Bu isə mənim borcum idi. İstiqlal şairi Məmməd Arazın bir misrası var: “Elə ki, qələmi aldım əlimə , Araz gəlir dilimə”. Mən də əlimə qələm alıb nəsə yazmaq istəyəndə Qarabağ mövzusu, Vətən mövzusu hakim kəsilirdi düşüncələrimə. Beləcə yarandı “Dolu” romanı da. 

Düşünürəm ki, Birinci Qarabağ savaşında ən böyük çatışmazlıq orduya vahid rəhbərliyin, baş komandanlığın olmaması idi.  Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar könüllü batalyonların mərkəzi idarəçiliyinin olmaması idi. Mən həmişə demişəm ki, könüllü əsgər olar, lakin könüllü batalyon olmaz. Bu barədə dəfələrlə qəzetdə də yazmışam. 

Düzdür, biz o vaxt Ağdərəni azad etməklə ermənilərə böyük zərbə vurmuşduq. Lakin buna baxmayaraq sonradan həmin vahid idarəetmənin olmadığı könüllü batalyonlarının xaotik mübarizəsi nəticəsində yenidən Ağdərəni və ətraf bölgələri itirdik. O vaxt bütün erməni daşnakları, ASALA və digər muzdlular həmin əraziyə toplaşmışdılar. 

– Vətən müharibəsindən sonra da dinc durmayan erməni hərbi birləşmələri və terroristləri yenə həmin ərazilərdə təxribat törədirdilər. Elə bu son antiterror əməliyyatı da məhz həmin ərazilərdə keçirildi və düşmən torpaqlarımızı tamamilə tərk etdi.

– Qarabağın beşdəiki hissəsi Ağdərədən ibarətdir. Qarabağın qapısı Ağdərə sayılır. Bilirsiniz, oranın azad edilməsi və terrorçulardan təmizlənməsi elə bir növ Qarabağda təhlükəsizliyin tam təminatı demək idi. Ümumiyyətlə, strateji baxımdan məsələyə yanaşdıqda Qarabağda iki rayon əsas götürülür. Ağdərə və Əsgəran. Bu əraziləri nəzarətə götürdükdən sonra Xankəndidə separatçıların qalması qeyri-mümkün idi. Yaxşı bilirik ki, Əsgəran qalası Qarabağın qapısı rolunu oynayır. Biz ilk şəhidimizi də elə o vaxtı orada vermişik. 

Onu da  xüsusi qeyd edim ki, bu son antiterror əməliyyatı ilə cənab Ali Baş Komandan İlham Əliyev həmin sözügedən ərazilərin nəinki işğaldan azad edilməsini, həm də terrorçulardan, separatçı tör-töküntülərdən təmizlənməsini təmin etdi.

Ümumiyyətlə,  xatırladım ki, Prezident  İlham Əliyev 2020-ci il Vətən müharibəsi dövründə hər gün yerli və xarici mətbuata verdiyi müsahibələrlə həm dünya ilə döyüşürdü, həm də ermənipərəst qüvvələrlə. Müzəffər Azərbaycan Ordusu isə hər gün yeni bir bölgəni azad edirdi. 

Yəqin ki, gedib görmüsünüz Şuşaya necə qalxıblar. O sıldırım qayaları necə dırmaşıblar. Bu özü möcüzədir ki, insan sıldırım qayalara necə qalxa bilər. Şəhərin o cür yalın əllə azad edilməsi böyük şücaətdir. Orada əsgərlərimizin yalnız tapançası,  ən yaxşı halda avtomat silahı olub. Bizim əsgərlərimiz orada əlbəyaxa vuruşaraq düşmənə qalib gəliblər. 

– Ali Baş Komandan İlham Əliyev deyir ki, Qarabağı yeni nəsil aldı. Qarabağın azadlığının itirilməsindən sonra yaranan nəsil Qarabağı bizə geri qaytardı. O nəsilə isə Qarabağı söz tanıtdı. Siz  yazmışdınız ki, çadırda Üzeyir Hacıbəyli doğulmaz. Bax o qınaqlar yeni nəsildə bir qeyrət, bir eşq oyatdı və qeyrət formalaşdırdı.

– Bir dəfə mənə televiziya verilişlərindən birinin efirində belə sual verdilər ki, yazmısınız ki, çadırda Üzeyir Hacıbəyli doğula bilməz. Ancaq Çingiz xan, Əmir Teymur çadırda doğulub. Dedim ki, Əmir Teymur dünyanın o başında Çukot adasında çadırda dünyaya gəlməyib. Və yaxud Çingiz xan da  çadırda doğulmayıb. Onlar gəlib Moskvanı alıblar, ipək çadırlarda doğulan şəxslər olublar. Azərbaycanın ərazilərini azad edən yeni nəslə gəldikdə isə o nəslin yetişməsi də elə məhz möhtərəm Prezidentimizin adı ilə bağlıdır. 

Bir dəfə Bərdədə cənab Prezidentlə görüş zamanı Zahid Oruc müraciət etmişdi ki, orada universitet açılsın. Mən isə parlamentdə çıxış edərkən bildirdim ki, Bərdədə yox, Ağcabədidə Universitet filialı fəaliyyət göstərir, bu təhsil ocağını müstəqil universitet etmək olar. O məsələ xeyli səssiz-səmirsiz qaldı. Zəfərdən sonra Prezident Universitetin Ağdamda açılması ilə bağlı qərar verib. Bu, nəyi, nə vaxt, necə etməklə bağlı İlham Əliyevin müdrikliyinin daha bir təsdiqidir. 

Bundan başqa, möhtərəm Prezident Müdafiə Sənayesi Nazirliyini yaratmaqla, ordunun silah-sursatla təchizatı problemini də aradan qaldırmış oldu. Bilirsiniz, ola bilərdi ki, müharibə xeyli tez başlayardı. Bizə qarşı embarqolar tətbiq edilərdi və heç kəs bizə nəinki, bir avtomat, hətta bir güllə belə verməzdi. Onda çox çətin vəziyyətdə qalardıq. Bunu əvvəlcədən düşünən Azərbaycan Prezidenti Müdafiə Sənayesi Nazirliyini yaratmaqla ölkəni bu çətinlikdən də sığortalamışdı.

– Aqil müəllim, 3 il əvvəl sizinlə  belə sakit danışmaq olmazdı. Əvvəllər müharibə mövzusu sanki  sizi əsəbləşdirirdi. Hətta studiyanı hansısa naşı suala görə tərk edib getdiyiniz də olub. Lakin bu gün çox rahat və məmnun görünürsünüz.

– Bəli, dedikləriniz həqiqətdir. Çünki Xankəndi azad olundu, Füzuliyə, Zəngilana, Laçına və digər ərazilərə insanlar köçürülür. Şuşa abadlaşdırılır, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı yenidən tikilir. Mən də Ağdamda–ata yurdumda gözə bir ev tikəcəyəm. Ağdamda Qaraağacı deyilən qəbiristanlığa anamla qardaşımın qəbrini ziyarət etməyəgetmişdim. Təəssüflər olsun ki, onların məzarını tapa bilmədik. Çünki ermənilər həmin məzarlığı şumlayıblar.  Onu heç vaxt ermənilərə bağışlamayacağam. 

Amma Goranboyda bir kənd var. Orada erməni qəbiristanlığı hələ də necə qoyub gediblərsə, elə də qalır. Mən həmin qəbiristanlıq barədə qəzetdə də yazı yazmışam. Axırıncı erməni qəbiri 1988-ci ildə salınıb orada. Həmin məzar bu gün də olduğu kimi qalır. Heç bir azərbaycanlı ölkədəki erməni qəbirlərinə toxunmayıb. Çünki biz anlayırıq ki, insan öləndə onun milləti olmur. 

– Özgə bədbəxtliyi üzərində xoşbəxtlik qurula bilməz. Onlar səlib dünyasının alətinə çevrilib Qarabağa gələndə, üstümüzə qısqırdılanda bu günü görməli idilər. Aqil müəllim, siz ustad söz adamısınız, Zəfərimiz ədbiyyatda öz əksini necə tapır?

– Bilirsiniz, bu gün ədəbiyyatda bu barədə çox yazırlar. Lakin iki cür yazılanlar var. Biri var ürəkdən yazılanlar, biri də var üzəvari yazılanlar. Təəssüflər olsun ki, bəsit, təsirsiz kitablar çoxdur. Çünki həqiqəti dərindən əks etdirmir. Bir dəfə İctimai Televiziyada bir verilişdə idim. 20 yaşlı bir qız uşağı bildirdi ki, mən də roman yazmışam. Məlum oldu ki, roman Ağdamdan və müharibədən bəhs edir. Öyrəndim ki, bu qız Ağdam işğal olunandan sonra dünyaya gəlib. Nəinki müharibəni, heç Ağdamı görməyib. İndi özünüz fikirləşin: o, od-alov və qan-qada barəsində o nə yaza bilərdi? Bəzən bu mövzunun şitini çıxarırlar. Kim nə istəyir yazır, çap etdirir. Bu isə bir qədər qazanılan Zəfəri ucuzlaşdıra bilər. Yəni əsər mənfəət, şöhrət üçün yox, Vətən naminə yazılsa, uğurlu və təsirli olar.

– Doğru deyirlər ki, dağın ətəyində olanda onun əzəməti o qədər də görünmür. Ancaq uzaqdan baxanda isə bütöv mənzərə alınır. Sonda oxucularımıza nə demək istərdiniz. 

– Sonda bildirmək istərdim ki, mənim Aqil Abbas olaraq ən böyük arzum qaçqınların və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasıdır. Və bir söz də deyim ki, burada bir inzibatçılıq da olmalıdır. Məcbur etməlidirlər ki, get öz doğma yurduna. Parlamentdə bir söz dedim, təəssüf ki, onu qəribçiliyə saldılar. Ancaq yenə deyirəm ki, indi sovet dövründəki kimi, tələbə-inşaat dəstələri yaradılmalıdır. Onlar gedib Qarabağı tikməyə kömək etməlidirlər. Onlara müəyyən imtiyazlar da verilməlidir. Belə ki, institutu bitirdikdən sonra gedib həmin rayonlarda işləmək kimi, növbəsiz ev almaq kimi üstünlüklər bura daxil olmalıdır.

Xalqımızı 30 il həsrətində olduğu qələbənin təqvimdə əbədiləşdiyi Zəfər Günü münasibətilə qəlbimin bütün hərarəti ilə təbrik edirəm, ona bir daha belə dəhşətli sınaqla üzləşməməsini arzu edirəm. Xankəndidə keçirilən paradı isə qalib Komandan İlham Əliyevin hamımıza bayram töhfəsi hesab edirəm.

– Bəs orta düşüncəli erməniyə nə deyərdiniz?

– Deyərdimki, heç olmasa, bundan sonra adam olun.

– Bütün ölkəmiz, xalqımız zehni xam xəyallarla zəhərlənmiş toplumdan bunu gözləyir. 

Söhbəti apardı:

Tahir AYDINOĞLU

XQ

 

 

Müsahibə