“Qriqoryanlıq”, yaxud erməni siyasi təfəkküründəki növbəti anti-Rusiya təzahürü

post-img

Ermənistan hər ötən gün Rusiya ilə bağlarını qırmaqla məşğuldur. Özü də ölkə bunu çox nümayişkaranə şəkildə edir. Belə ki, bütün günü Avropadan və Amerikadan yığışmayan Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Moskvaya MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin növbəti iclasında iştirakdan imtina edib. 

Qriqoryanın Rusiyanın paytaxtına getməmək qərarı heç nə ilə əsaslandırılmır. Sadəcə, getməyəcək, vəssalam. Əvvələr erməni rəsmilər hansısa bəhanə, növbətçi səbəblər  uydururdularsa, görünür, indi buna da ehtiyac duyulmur. Deməli, Rusiyaya münasibətdə tam hörmətsiz davranmaq yolu tutulur. Məsələyə başqa cür yanaşmaq mümkünsüzdür. 

Yada salaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Bişkekə MDB Dövlət Başçıları Şurasının iclasından iştirakdan boyun qaçırmışdı. Ondan əvvəl isə ölkənin xarici işlər naziri Ararat Mirzoyan da azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskva görüşündən imtina etmişdi. Hələ Ermənistanın Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda nəzərdə tutulan təlimini keçirməkdən imtinası da var. Bir sözlə, Ermənistan Rusiya ilə bağlı məsələlərdə imtinanı imtinaya calamaqdadır.

Bəs, səbəb nədir? Çox düşünməyə ehtiyac yoxdur. Üzünü tamamilə Qərbə çevirmiş İrəvan ABŞ-dan və Avropadan gələn direktivlərlə hərəkət edir. Görünür, əmr Rusiya ilə heç bir kontakta girməmək şəklində verilib.

Digər tərəfdən, əslində, Ermənistan rəhbərliyinin davranışları Rusiyanın nüfuzuna  zərbə vurmaq cəhdi kimi də qiymətləndirilməkdədir. İstər Qriqoryan, istər Paşinyan, istərsə də digər erməni rəsmiləri hər imkandaca Moskvanın lazımsızlığına və əhəmiyyətsizliyinə eyham vururlar. Artıq buna eyham da demək olmur. Çünki ortada açıq ittihamlar var. Bu yerdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Rusiya üçtərəfli bəyanatla Qarabağı Azərbaycana verdi” deməsini xatırlayaq. Oxşar və siyasi etikadan tam kənar ifadələr kifayət qədər çox olduğundan, onların hamısına yer vermək niyyətində deyilik.

Amma üzərində dayanmaq istədiyimiz bir məqam var. Sual yaranır: Olmazmı ki, Ermənistan rusmeyilli saydığı bütün platformalardan çəkildiyini açıq şəkildə bəyan etsin? Deyəsən, olmur. Nikolun komandası bunu dilə gətirəcək cəsarətdə deyil. Necə də olsun? Bu komandanın işi-peşəsi yarımçıq diplomatiya ilə məşğul olmaqdır. Nə qətiyyətləri var, nə prinsipləri. Bacardıqları, belə demək mümkünsə, məkrli davranışdır. Əslində, Qriqoryanın Moskvaya getmək istəməməsi məkrin nəticəsidir.

Bəli, Ermənistan hakimiyyəti böyük və təhlükəli oyunun içərisindədir. Bu oyunda Rusiyaya qarşı çıxmaqla yanaşı, Azərbaycana münasibətdə avantürist mövqe tutmaq meyli də əsasdır. Qriqoryan və digər erməni rəsmilərinin məqsədi Qərbin nəzərində Rusiyanı Azərbaycanla müttəfiq kimi göstərib Qarabağ ambisiyasında xal qazanmaqdır. Bu başıpozuqlar üçün müstəqillk, dövlətlərin öz maraqları naminə normal əməkdaşlıq məsələləri yaddır. Belələri yalnız kiminsə yedəyində gedirlər. Mütləq hansısa dövlətin himayəsində olmağa üstünlük verirlər. Mövcud anlamda Paşinyan administrasiyasını özündən əvvəlki Koçaryan–Sarkisyan xuntasından heç nə fərqləndirmir. Hər ikisi boyunduruq altında idi. İkincilər ölkəni Rusiyanın marionetinə çevirmişdilərsə, birincilər Qərbin əmrinə müntəzirdilər.

Ə.RÜSTƏMOV  

XQ

Siyasət