“Demokratiya” maskasının arxasından boy verənlər

post-img

Bu maraqlar Qərbin və Ağ evin demokratiya pərdəsi altında bütün dünyaya sırımağa çalışdıqları zərərli ideya və məkrli niyyətlər toplusudur. Getdikcə daha aşkar görünən mənzərə ondan ibarətdir ki, ABŞ-Qərb koalisiyası (burada Fransa və Almaniyanı xüsusi qeyd etmək lazımdır) türkdilli dövlətlərin son illərdə güclənən mövqelərinin və ortaya qoyduqları siyasi əzmin fərqindədir.

Xüsusilə də Türkiyə–Azərbaycan tandeminin beynəlxalq platformalarda nüfuzunun artması, hər hansı qütbləşməyə dəstək verməməsi, tam müstəqil dövlətlər kimi bölgənin gələcəyi ilə bağlı təşəbbüs və planlar irəli sürməsi Avropada və okeanın o tayındakı bəzi aktorlarda qıcıq yaratmaqdadır. Əslində, hazırda birləşmiş koalisiya formatında anti-Türkiyə və anti-Azərbaycan siyasəti aparan və bu “ocağı” durmadan körükləndirən güclərdən ötrü Hayastan və onun maraqları mövsümi alətdən savayı bir şey deyil. Onlar üçün ermənilərin “pozulmuş hüquqlarının müdafiəsi”, “qaçqınlara humanitar yardım” kimi məsələlər az maraqlıdır. Əsas hədəf nəhəng meqalayihələrin reallaşdırıldığı və böyük kapitalın dövr edəcəyi Qafqazda söz sahibi olmaq, bölgə ölkələrini nüfuz dairəsinə salmaqdır. 

Sözdə ermənipərəst, əməldə isə “eqopərəst” olan həmin Qərb–ABŞ dueti Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdan ötrü çeşidli üsul və taktikalardan yararlanmaqdadır. Bu duetin siyasi arsenalındakı “sınaqdan çıxmış” üsullardan biri də “demokratiya” və “insan hüquqları” kimi bəşəri dəyərlərin üçüncü dünya ölkələrinə “ixracıdır”. Ən yüksək tribunalarda sülh, demokratiya və insan hüquqlarından danışan həmin Qərb Fransanın timsalında başqa etnik və dini qruplara qərəzli yanaşmanın, onlara qarşı assimilyasiya siyasətinin “nümunəsini” göstərir. Bu siyasət özünü xristian olmayan dini qruplara, xüsusilə, müsəlmanlara qarşı diskriminasiyada təzahür etdirir.    

XATIRLATMA: 2018-ci ildə Fransanın cənubundakı Boker (Beaucaire) bölgəsinin bələdiyyəsi məktəblərdə müsəlman və yəhudilər üçün nəzərdə tutulan menyuları ləğv etdi. 2022-ci ildə seçki kampaniyasında prezidentliyə namizədlərdən biri, ultrasağçı Marin Le Pen müsəlman qadınların hicab geyinmələrini qadağan edəcəyini dedi. Seçki kampaniyasını “gəlmələrə” və qeyri-xristianlara nifrət üzərində quran Le Penin 17 faizə yaxın səs toplaması bu ölkədə ksenofob və islamofob ideyaların sürətlə yayılmasının təzahürü idi.     

Görün fələyin təkəri tərsinə necə fırlanır ki, dünyanın supergüclü ölkələri “demokratik” və “qeyri-demokratik” düşərgələrə bölməyi özünə rəva bilir. 2021-ci ilin dekabrında ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə “Demokratiya zirvəsi” keçirildi. Həmin “zirvə” ətrafında gedən müzakirə və diskussiyalar isə özünün epogeyinə çatmışdı. Bu zaman əsas vurğu ənənəvi sammitin məqsədlərindən daha çox dəvət olunan iştirakçılar seçilərkən tətbiq olunan meyarların üzərinə yönəldilmişdi. Həqiqətən də, adından göründüyü kimi, məramı dünyada demokratik prinsiplərin tənzimləyicisi kimi göstərilən zirvənin daha çox korporativ maraqlara xidmət etdiyi göz qabağında idi. Vaşinqton özünün “özəl zonası”nda məhz ona xidmət göstərəcək potensial namizədləri görməyə vərdiş edib. Oxucuların diqqətinə “Demokratiya zirvəsi”nə dəvətlilərin, daha doğrusu, ABŞ-ın daxili “zonasına” düşmüş ölkələrin siyahısını çatdıraq: Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Kipr, Moldova, İraq, Nepal, Barbados, Panama, Surinam və …Ermənistan. Yəqin ki, sadaladığımız ölkələrdən hansısa biri “demokratiya adası” sayıla bilməz. Əksinə, bunlardan bəzilərinin demokratiya anlayışına ləkə gətirdiyini demək mümkündür. Yadfikirliyə dözümsüzlüyün, siyasi təqib və həbslərin baş alıb getdiyi Ermənistanın “demokratların” siyahısında yer alması isə ABŞ kimi dövlətdən ötrü ideoloji fiaskodur. Bəli, burada məlum koalisiyanın ikili standartlardan çıxış etməsi, Ermənistan kimi marginal “demokratik ölkələrdə” etnik və dini zəmində baş verən münaqişələri görməməsi göz qabağındadır. “ABŞ demokratiyası”nın astar üzü bundan ibarətdir. Qaradərili vətəndaşların küçədə polis tərəfindən sorğu-sualsız güllələndiyi ABŞ özəl maraqları naminə Avropada, Asiyada, Afrikada ölkələri alətə çevirmək niyyətini gizlətmir. Aydın məsələdir ki, müstəqil xarici siyasət yürütmək, təhdid və təzyiqlərə qarşı dik durmaq, səhnə arxasında qurulan məxfi birlik və alyanslara qoşulmamaq beynəlxalq miqyasda müsbət sayılsa da, bir çox hallarda Vaşinqtonun planları ilə ziddiyyət təşkil edir. Bu mənada dünyanın supergücü üçün demokratiya, insan hüquqları öz hegemonluğunu ayaqda saxlamaq strategiyasının tərkib hissələridir. Ağ evin əlində bayraq etdiyi bu prinsiplərin zorən “ixracının” nümunəsini və fəsadlarını Əfqanıstan, İraq, Suriya və ümumilikdə, “ərəb baharı”nı yaşamış ölkələrin acınacaqlı taleyində, eləcə də Ukraynada, Qəzzada gördük. Bəs bu “ixracın” bəhrəsi nə oldu? – Xaos və milyonlarla insanın faciəsi! 

***

İndi həmin Birləşmiş Ştatlar, yaxud “köhnə qitə” tolerantlığın, multikultural dəyərlərin milli doktrinaya çevrildiyi, çoxsaylı dini konfessiyaların yanaşı və mehriban şəkildə fəaliyyət göstərdiyi Azərbayacana “demokratiya dərsi”mi keçəcək? Bəlkə, Ağ ev əvvəlcə forpostları hesab etdiyi Avropa İttifaqına üzv dövlətlərin dini-mənəvi durumuna bir nəzər yetirsin? O zaman Vaşinqton isteblişmentinə aydın olar ki, hazırda Fransa əhalisinin 10 faizə qədərinin müsəlman olmasına baxmayaraq, hələ də onlar diskriminasiyaya məruz qalırlar. Parisdə fəaliyyət göstərən İslamofobiya üzrə Milli Müşahidə Təşkilatının sədri Abdullah Zəkrinin verdiyi məlumata əsasən, 2022-ci ildə sözügedən ölkədə islamofob hücumların sayı 53 faiz artıb. Və təəssüf ki, belə halların sayı ildən-ilə artır. Makron hakimiyyəti isə bu cür neqativ, dövlət və millət adına üzqarası sayılan hallarla mübarizə aparmaq əvəzinə, islamofobiyanı daha da artırmağa yönəlik addımlar atmağa meyillidir. 2020-ci ildə prezident Emmanuel Makronun “İslam bütün dünyada böhran dövrünü yaşayan bir dindir” sözləri bütövlükdə hökumətin İslama və müsəlmanlara qarşı sərgilədiyi həqiqi münasibətinin əyani sübutudur.

Onu da qeyd edək ki, son illər Makron hökumətinin maliyə dəstəyi verdiyi “Fransa İslamı” layihəsi də müsəlmanların assimilyasiyasına hesablanıb. 2023-cü ilin yazında və yayında Fransanın böyük şəhərlərini etiraz dalğası bürüyəndə bu kütləvi izdihamın arxasında Makron diktaturasının Afrika xalqlarına qarşı istismarçı siyasətin nəticələrinin dayandığını yazmışdıq. Məhz Emmanuel Makron hakimiyyətə gələndən sonra özünə yaxın çevrənin – biznes dairələrinin maraqlarını təmin etmək üçün Afrika ölkələrindən ucuz işçi qüvvəsinin gətirilməsini təşviq etdi. Məqsəd iri sənaye müəssisələrində qaradərililəri işlədərək, şirkətlərin xərcini azaltmaq idi. Nəticədə, yüksək maaş almağa öyrəncəli yerli əhali ilə miqrantlar arasında düşmənçilik münasibəti yarandı. Bu zəmində baş verən küçə toqquşmaları zamanı Fransa polisi miqrantları insan yerinə belə qoymur, onlara odlu silahdan atəş açırdı. Onda bəzi ekspertlər keçən əsrdə Afrikada törədilmiş irqi soyqırımların hazırda müasir Fransa ərazisində təkrarlandığını deyirdilər.                                                     

Bütün bunları nəzərə alaraq, hesab etmək olar ki, Makron diktaturası yalnız Fransada deyil, ümumiyyətlə, Avropa Birliyi məkanında demokratiya və insan haqları anlayışını sıradan çıxartmağa başlayıb. Hər şeydən göründüyü kimi, rəsmi Parisə indən belə demokratiya və insan hüquqları gərək deyil. Qərb institutları nə qədər cəhd etsələr də, ikili standartlardan çıxış etdiklərini heç cür gizlədə bilmirlər. Onların özəl maraqlarını təmin etməkdən ötrü rahat şəkildə rüşvətə bulaşdıqlarını söyləyənlər getdikcə artmaqdadır. Məgər həmin konqresmenlər, senatorlar erməni lobbisinin pulunun cazibəsi qarşısında sınmırlarmı?                                                    

XXI əsrin dünyası ikiüzlü, riyakar demokratiya çarçıları ilə üz-üzə qalıb. Yuxarıda dediyimiz kimi, demokratiya, insan hüquqları barədə siyasi mühazirələr və tövsiyələr ABŞ–Qərb alyansından ötrü özünün çirkin siyasətini gerçəkləşdirmək üsuludur. Amma həmin Qərbin, əslində, demokratiya pərdəsi altında yütürməyə çalışdığı siyasətin kökündə həm də xristian təəssübkeşliyinin dayandığını diplomatiyadan başı çıxmayanlar da anlayırlar.

İmran BƏDİRXANLI

XQ

Siyasət