Daşkənddəki möhtəşəm İslam Sivilizasiyası Mərkəzi (İSM) Özbəkistan Elmlər Akademiyası və Xarici İşlər Nazirliyi tərəfindən Özbəkistan Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Dünya Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində böyük sərkərdə və strateq Əmir Teymurun anadan olmasının 690-cı ildönümünə həsr olunmuş "Əmir Teymurun və Teymurilər Sivilizasiyasının Dünya Tarixi və Mədəniyyətindəki Rolu və Əhəmiyyəti" adlı Beynəlxalq Elmi Konfrans keçirib.
İSM-də baş tutan tədbirdə 20-dən çox ölkədən, o cümlədən türk dövlətlərindən 300-dən artıq aparıcı alim və mütəxəssis, eləcə də Avropa, Asiya, Yaxın Şərq və Şimali Amerikadan gələn alimlər, yazıçı və şairlər, beynəlxalq təşkilatların rəhbərləri, muzeylərin, kitabxanaların və universitetlərin nümayəndələri iştirak edib.
Nüümayəndələr arasında TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, tarixi romanlar müəllifi, yazıçı Yunus Oğuz da olub.
Əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına təbriki oxunub.
Təbrikdə deyilir:”Teymurilər dövrünün İntibahı təkcə Turanda deyil, bütün Şərq dünyasında elm və mədəniyyətin inkişafına dərin təsir göstərib və yeni bir mənəvi yüksəlişin başlanğıcını qoyub. Dünyanın bir çox aliminin etiraf etdiyi kimi, sülalənin görkəmli nümayəndələrinin – Mirzə Uluqbəyin, Baysunqur Mirzənun, İbrahim Sultanın, Sultan Hüseyn Mirzənun, Əlişir Nəvainin, Babur Mirzənun və Baburilərin böyük elmi kəşfləri və yüksək bədii əsərləri bu nadir mədəni və sivilizasiya hadisəsinin nəticəsi olub.
Tədbirin açılış mərasimində çıxış edən İslam Sivvilizasiyası Mərkəzinin (İSM) direktoru Firdavs Abduxalikov bildirib ki, məqsədimiz Əmir Teymur və Teymurilər dövrü irsini hərtərəfli elmi şəkildə təşviq etmək, beynəlxalq elmi və mədəni əməkdaşlıq üçün davamlı platforma yaratmaqdır.
Ş. Mustafayev Əmir Teymurun dövlət xadimi və mədəni məkanın yaradıcısı kimi görkəmli rolunu vurğulayaraq, Teymurilər dövrünün elmin, incəsənətin və bütövlükdə türk sivilizasiyasının inkişafındakı əhəmiyyətini qeyd edib.
Ş.Mustafayev bildirib :- "Əmir Teymurun və Teymurilərin bütün Orta Asiyanın sivilizasiya mənzərəsinin formalaşmasında, eləcə də bütün türk-müsəlman dünyasının mədəni inkişafında rolunu qiymətləndirmək çətindir".
Konfransda Şahin Mustafayev İSM-nin direktoru Firdavs Abduxalikova Türk Akademiyasının türk xalqlarının tarixi, mədəniyyəti və irsinə həsr olunmuş nəşrlərini təqdim edib.
Yazıçı Anar konfransın açılışındakı çıxışında Əmir Teymur və Teymurilərin dövlətçilik ənənələrinə, hərb sənətinə, elm və mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışaraq bildirib ki, dövlətlərimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələr durmadan inkişaf edir. Azərbaycan yazıçılarının əsərləri Özbəkistanda, özbək yazarlarının əsərləri Azərbaycanda çap olunur. Dövlət başçılarımız İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təkan verib.
Sonra TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın çıxışları dinlənilib.
Konfransda Teymurilərin tarixinə, mədəniyyətinə və elmi irsinə həsr olunan tematik bölmə sessiyaları da keçirilib.
Kitab təqdimatı bölməsində Anarın qazax dilində çap olunan “Otel otağı” kitabı da təqdim olunub. Bu bölmədə də Anar çıxış edərək əməkdaşlıqdan danışıb, öz kitablarını Özbəkistan Yazıçılar İttifaqının (ÖYİ) sədri Siracəddin Səyyidə təqdim edib.
Sonra ÖYİ adından qonaqlara özbək milli geyimi-çapan təqdim olunub.
Bölmələr üzrə moderatorlar arasında soydaşımız Fərhad Adıvar da olub.
Tədbirin sonunda Şahin Mustafayev konfrans iştirakçılarının Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ingilis dilində müraciətini oxuyub, forumun əhəmiyyətini, beynəlxalq elmi və mədəni əməkdaşlığın inkişafına verdiyi töhfəni vurğulayıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd





