AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış tarixçi və publisist, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunmuş “Azərbaycan. Yeni era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən” və “Şuşa. Zirvədən uca” adlı kitabların müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açaraq tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının zəngin yaradıcılıq yoluna nəzər salıb, müzakirəyə təqdim olunan nəşrlərin elmi əhəmiyyətini vuğulayıb. Qeyd edib ki, Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla çapdan çıxmış bu əsərlər ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. Kitablarda zəngin faktoloji materiallar və fundamental elmi araşdırmalar əsasında Azərbaycanın maddi-mədəni irsi, qədim tarixi, müasir inkişaf mərhələsi, dünya siyasətində əldə etdiyi uğurlar, eləcə də gəzməli-görməli məkanları geniş ictimaiyyətə təqdim olunur.
Akademik Teymur Kərimli, həmçinin bu nəşrlərin elmi və ictimai dəyəri nəzərə alınaraq Bakı Dövlət Universiteti (BDU) tərəfindən 2026-cı il üzrə Dövlət Mükafatına təqdim edildiyini diqqətə çatdırıb.
Sonra BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əliş Ağamirzəyev çıxış edərək Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliği məqsədilə universitetdə Mədəni İrsi Araşdırmalar Mərkəzinin yaradıldığını deyib. O, Əməkdar jurnalist Musa Mərcanlının sözügedən Mərkəzə direktor təyin edildiyini bildirib.
Prorektor qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerləşən, tarixi əsrlərlə ölçülən mədəni irsimizin araşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan mədəni irs sahəsində elmi-tədqiqat işlərinin aparılması, elmi və elmi-kütləvi məqalələrin hazırlanması mühüm vəzifələr sırasında dayanır.
Əliş Ağamirzəyev Mədəni İrsi Araşdırmalar Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirərək, aparılan araşdırmaların nəticələrinin elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına çatdırılmasında mərkəzin böyük rol oynadığını diqqətə çatdırıb.
Musa Mərcanlının baş redaktoru olduğu “İrs” jurnalının fəaliyyətini xüsusi qeyd edən Əliş Ağamirzəyev işğaldan azad edilmiş ərazilərdə mədəni irsin yerində araşdırılması məqsədilə davamlı elmi səfərlərin təşkil olunduğunu vurğulayıb.
O, Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən” və “Şuşa. Zirvədən uca” adlı nəşrlərdə Azərbaycanın tarixi həqiqətlərinin zəngin faktoloji materiallar əsasında təqdim edildiyini söyləyib. Əsərlərin elmi çəkisi və ictimai əhəmiyyəti nəzərə alınaraq, onların Bakı Dövlət Universiteti tərəfindən Dövlət Mükafatına təqdim edildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə elmi müzakirəsi keçirilən yeddi kitabın müasir dövrün çağırışları baxımından son dərəcə aktual olduğunu deyib. Bildirib ki, bu nəşrlərin hər biri Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələsinin elmi əsaslarla təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dolğun təsəvvür yaradan çoxsaylı fotoşəkillər isə kitabları daha oxunaqlı edib.
Ərtegin Salamzadə müzakirəyə təqdim olunan “Daşları toplamaq vaxtıdır” adlı fundamental nəşrin məziyyətlərindən danışıb. Vurğulayıb ki, kitabda Qərbi Azərbaycanın xalqımıza məxsus qədim diyar olduğu elmi-faktoloji materiallar əsasında təqdim edilib. Həmçinin regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini, eləcə də digər mədəni abidələrin foto və sənədli sübutları ictimaiyyətə təqdim olunub.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək nəfis tərtibatı, yüksək bədii-estetik görünüşü ilə seçilən nəşrlərin Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini və mədəni dəyərlərini dünyanın müxtəlif dillərində təqdim etdiyini bildirib. Qeyd edib ki, bu kitabların hər biri yüksək poliqrafik keyfiyyəti, məzmunu, dili ilə seçilir və bu da onların Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsinə imkan yaradır.
Professor İlham Məmmədzadə “Azərbaycan: yeni era” kitabı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, nəşrdə ölkəmizin son 30 ildə əldə etdiyi nailiyyətlər sistemli şəkildə əks olunub. Eyni zamanda, Azərbaycanın bu gün hansı siyasi və iqtisadi reallıqda yaşadığı, müstəqillik illərində ölkədə hansı şəraitin formalaşdığı ətraflı göstərilib. Əsərdə “yeni era”da Azərbaycanda baş vermiş əsas proseslər, qazanılmış qələbələr, heyrətamiz iqtisadi göstəricilər, müxtəlif sahələr üzrə inkişaf, eləcə də beynəlxalq arenadakı uğurlar işıqlandırılıb.
Onun sözlərinə görə, kitabda Azərbaycan ərazilərinin işğaldan azad olunması, post-müharibə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesinin başlanması və Qarabağın yenidən dirçəldilməsi geniş şəkildə şərh olunub.
Professor İlham Məmmədzadə inam, ləyaqət və mənəviyyatın xalqı birləşdirən dəyərlər olduğunu deyərək müzakirəsi keçirilən kitabların bu ideyaları elmi-fəlsəfi baxımdan daha da dərinləşdirdiyini, cəmiyyətdə milli həmrəyliyin və mənəvi sabitliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu çıxış edərək nəşrlərlə bağlı fikirlərini bölüşüblər. Kitablar qazanılmış tarixi Zəfər ideyasını mərkəzə alaraq Qarabağ həqiqətlərini, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni tarixi mərhələni, Azərbaycanın siyasi, mədəni və ideoloji reallıqlarını və ölkəmizin zəngin tarixi irsini elmi-faktoloji əsaslarla əks etdirən əsərlər kimi qiymətləndirilib.
Çıxışlarda kitabların milli-mənəvi baxımdan dəyəri xüsusi qeyd edilib. Bildirilib ki, bu nəşrlər yalnız məlumat toplusu deyil, həm də Azərbaycanın suverenliyinə və dövlətçilik ənənələrinə hörmətin təsdiqidir. Əsərlər milli yaddaşın qorunmasında və Azərbaycanın müasir tarixi kimliyinin təbliğində xüsusi rol oynayır.
Bu nəşrlərin əsas məqsədi barədə danışan layihə rəhbəri Musa Mərcanlı kitabların uzun illər ərzində Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran “İRS-Naslediye” jurnalı əsasında hazırlandığını qeyd edib. Onun fikrincə, beynəlxalq auditoriyanın buna böyük ehtiyacı var və buna görə də nəşrlərin müxtəlif dillərdə çap edilməsi xüsusilə vacibdir.
Qeyd edilib ki, tarixi Qələbə ideyasına əsaslanan kitablar Qarabağ reallıqlarını, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan hazırkı mərhələni, eləcə də Azərbaycanın siyasi, mədəni və ideoloji proseslərini və ölkənin zəngin tarixi irsini əks etdirir.













