Masallı rayonundan olan rəssam Ehtiram Məmmədov beynəlxalq sərgilərdə artıq 4-cü mükafatını alıb. Xorvatiyada keçirilən sərgidə onun dünyada baş verən müharibələrin acı nəticələrini göstərən rəsmi mükafata layıq görülüb.
Qeyd edək ki, Azərbaycanın dilbər guşələrindən olan Masallıdan Nüsrət Fətullayev, Tələt Şıxəliyev, Fərahim Zeynalov, Rafael Əsədov kimi məşhur rəssamlar çıxıb. Azərbaycan Rəssamlar İttifaqının üzvü Ehtiram Məmmədov da ömrünü bütünlüklə təsviri sənətə həsr edənlərdəndir. Masallı şəhər 11 illik İncəsənət məktəbinin rəssamlıq şöbəsinin müəllimidir, eyni zamanda, “Öncəqala Xeyriyyə Cəmiyyəti”nə də sədrlik edir.
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. İlk uğurunu 1982-ci ildə - 18 yaşında, 2-ci kursda təhsil aldığı zaman Bakı Çini Qablar Zavodunun sifarişi ilə Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti günlərinin sərgisi üçün hazırladığı kompozisiya ilə qazanıb. Daha sonra Bakıda təşkil olunan onlarla sərgidə rəsmləri nümayiş etdirilib.
2001-ci ildə 11 yaşlı oğlu Turalla Türkiyənin İzmir şəhərindəki sərgidə əsərləri maraqla qarşılanıb. ABŞ, Almaniya, Türkiyə, Filippin, Bosniya və Hersoqovina, eləcə də digər ölkələrdə milli incəsənətimizi layiqincə təmsil edib.
Əsasən kətan üzərində yağlı boya ilə rəsmlar yaradan Ehtiram Məmmədovun əsərlərini anlamaq üçün heç bir tərcüməçiyə ehtiyac yoxdur. Onun mövzuları, rəngləri və lövhələri rəssamın duyğu və düşüncələrini açıq ifadə edir. Ehtiram Məmmədovun portretlər qalereyasında xalq qəhrəmanı Koroğlunun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun obrazları xüsusi yer tutub. Onun “Şəhid anası”, “Tənha ev”, “Öncəqala yolu” , “Qəbələ payızı” “İstanbul sahilində”, “Masallı lövhələri” silsiləsindən olan tabloları realistliyi və ifadəliliyi ilə seçilir.
Əli NƏCƏFXANLI
XQ



