Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan və Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu türk dünyasının ortaq mədəni irsinin elmi əsaslarla öyrənilməsi, qorunması və beynəlxalq elmi müstəvidə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir. Qoruğun elmi-tədqiqat strategiyasına uyğun olaraq son dövrlərdə beynəlxalq tərəfdaşlıq və institusional əməkdaşlıq sahəsində mühüm təşəbbüslər həyata keçirilmişdir.
Bu istiqamətdə atılan növbəti əhəmiyyətli addım kimi Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstan Respublikasının “Ejeli Taraz Abidələr” Dövlət tarix-mədəniyyət muzey-qoruğu arasında elmi-tədqiqat və qarşılıqlı təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanmışdır.
Sözügedən memorandum türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması, sistemli şəkildə tədqiqi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Sənədin əsas məqsədi tərəfdaş qurumlar arasında elmi-tədqiqat fəaliyyətinin daha da genişləndirilməsi, birgə arxeoloji qazıntıların və elmi ekspedisiyaların təşkili, maddi-mədəniyyət nümunələrinin elmi əsaslarla öyrənilməsi, mühafizəsi və beynəlxalq miqyasda tanıdılması sahəsində əməkdaşlığın möhkəmləndirilməsidir. Eyni zamanda memorandum çərçivəsində gələcəkdə birgə elmi layihələrin icrası, tematik sərgilərin təşkili, beynəlxalq elmi konfransların keçirilməsi və mədəni mübadilə proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur.
Əməkdaşlıq memorandumu çərçivəsində “Keşikçidağ”, “Avey” və “Ejeli Taraz” qoruqları regionun qədim sivilizasiya mərkəzlərinin araşdırılması, tarixi-mədəni əlaqələrin formalaşma mərhələlərinin öyrənilməsi və inteqrasiya proseslərinin elmi əsaslarla tədqiqi istiqamətində birgə nəticələrin əldə olunmasını hədəfləyirlər. Bu əməkdaşlıq ortaq türk irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına, regionun zəngin arxeoloji potensialının dünya elmi ictimaiyyətinə təqdim olunmasına və mədəni diplomatiyanın inkişafına mühüm töhfə verəcəkdir.
İmzalanmış memorandum “Keşikçidağ”, “Avey” və “Ejeli Taraz” qoruqları arasında elmi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir və gələcəkdə birgə arxeoloji tədqiqatların aparılması, beynəlxalq elmi layihələrin icrası, eləcə də mədəni təşəbbüslərin reallaşdırılması üçün möhkəm elmi və institusional zəmin yaradır.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri








