YENİ MƏDƏNİYYƏT KONSEPSİYASININ PEŞƏKAR KULTUROLOQ MÜTƏXƏSSİSLƏRİNƏ ÜNVANLANDIRDIĞI ÇAĞIRIŞAR
Bu gün Azərbaycanda ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkürəsi əsasında yeni milli ideologiyanın formalaşması prosesini gündəmdə saxlayır. 14 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası yeni milli ideologiyanı təşviq edən mədəniyyət siyasətinin formalaşmasına xidmət edir.
Mədəniyyət Konsepsiyasında əksini tapan milli kimliyimizə dayaqlanan Azərbaycanın yeni mədəniyyət modelinin yaradılması hədəfi həm qlobal, həm də lokal müstəvidə müasir dövrümüzün çağırışlarına cavab kimi qiymətləndirilə bilər. Azərbaycan mədəniyyətinin müasir modelinin formalaşdırılması nəzəri, sosial-mədəni və sivilizasion əsaslara malikdir.
Konsepsiyada Azərbaycanın müasir mədəniyyətinin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsini və fundamentallığını qorumaqla bu sahənin funksionallığının təmin edilməsini nəzərdə tutur. Əslində bu sənədlə sovet təfəkküründən miras qalan “mədəniyyət – incəsənətdir”, “mədəniyyət – üstquruluşa aiddir ” yanlış və dar refleksiyanın buxovlarından “mədəniyyət” anlayışını azad edir. Mədəniyyət hadisəsinə daha geniş anlamda: “həyatfəaliyyətinin bütün sferalarını əhatə edən fenomen” kimi sistemli yanaşmaya dəvət edir. Mədəniyyətə məhz bu prizmadan baxıldıqda müasir dünyada baş verən proseslərin izahına, cəmiyyətin mədəni dinamikasının dərkolunmasına geniş imkanlar yaradılır. Bu gün dünyada identikliklərin hibritləşməsi, mediareallıq, ənənələrin transformasiyası, süni intellektin gündəlik həyata sirayət etməsi kimi hadisələrin interpretasiyasının və qiymətləndirilməsinin obyektiv verilməsi üçün həmin yanaşmanın zərurəti göz önünə gəlir. Müasir dönəmdə Azərbaycan mədəniyyətinin müasir konturlarının aydın cızılması mədəni identikliyin və mədəni kodun qorunmasına xidmət edir. Bu halda mədəniyyət tarixi yaddaş və mədəni fəaliyyətin müxtəlif formaları arasında varislik mexanizmi kimi çıxış edir.
Dünya təcrübəsinə məlumdur ki, bu gün dünyanın heç bir ölkəsi mədəniyyətinin konseptual modelini hazırlamadan, onu təşviq etmədən mədəniyyət siyasətini və ondan irəli gələn strateji inkişaf addımlarını ata bilməz. “Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasının instusional prioriteləri mədəniyyətin bütün sahələrini planlı şəkildə inkişafını, onun potensialından tam istifadə edilməsini, hərtərəfli əlçatanlığını təmin edir. Azərbaycanın müasir mədəniyyət modelinin konseptuallaşması qloballaşma şəraitinin risklərini nəzərə alaraq onu təcrid olunmadan və unifikasiya meyillərindən qoruyaraq, ölkəmizin mədəniyyətlərarası dialoqda bərabərhüquqlu aktora çevrilməsinə birmənalı olaraq dəstək olacaqdır. Mədəniyyətin fundamentallığını qorumaq, onun funksionallığını təmin etmək üçün konseptuallığa zərurət vardır, əks təqdirdə mədəniyyətin inkişaf strategiyası və mədəniyyət sahəsində görülən tədbirər sadəcə pərakəndə təşəbbüslər şəklini ala bilər. Sözügedən müasir model cəmiyyəti yenidən özünürefleksiyaya dəvət edərək fundamental dəyərlərin bünövrəsi üzərində günün tələblərilə səsləşən universal dəyərlərin formalaşdırılmasına sövq edir. Mədəniyyətin insanların həyat tərzinin tərkib hissəsinə çevrilməsi yeni kommunikasiya alətlərinin tətbiqi qaçılmaz hadisə olan bir dönəmdə cəmiyyətdə münasibətlər və ünsiyyət səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.
Mədəniyyət konsepsiyasında əksini tapan Azərbaycan mədəniyyətinin yeni modeli qloballaşma, o cümlədən “new normal” adlanan tarixi şəraitdə mədəni identikliyi, özünəməxsusluğumuzu qorumaqla, dünyadan təcrid olunmadan beynəlxalq mədəniyyətlərarası dialoqu təşviq edir. Konsepsiyada əsaslandırılan mədəniyyət diplomatiyası təşəbbüsləri Azərbaycan mədəniyyətinin və mədəniyyət dəyərlərinin beynəlxalq aləmdə təbliği ilə yanaşı, Azərbaycanın dünyadakı izinin araşdırılmasını da gündəmə gətirir, bu sahədə miqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Azərbaycan mədəniyyətinin mütərəqqi modelinin formalaşdırılması Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi, mədəni irsin qorunması və təbliğinin optimal mexanizmlərinin işlənilməsini, mədəni turizm, mədəni və yaradıcı sənayənin inkişafı, habelə mədəniyyətin rəqəmsallaşdırılması və rəqəmsal mədəniyyətin inkişafı, ədəbiyyat və incəsənətin inkişafı kimi prioritet hədəfləri təyin edir.
Konsepsiyada diqqəti çəkən özəl məqam davranış mədəniyyəti və bilgi mədəniyyətinin sağlam və inkişaf etmiş cəmiyyətin formalaşmasında əsas amillərdən biri kimi təqdim olunmasıdır. Sənəddə prioritet kimi təyin olunan bilgi mədəniyyətinin konseptual açıqlaması verilir: “Bilgi mədəniyyəti - elmin, təhsilin və maarifləndirmənin Azərbaycanın mədəniyyət dəyərlərinə əsaslanmaqla həyata keçirilməsini, fərdlərin və cəmiyyətin gündəlik həyatında informasiya daxil olmaqla bilgidən istifadəni istiqamətləndirən yanaşma, baxış və ifadə formalarının məcmusunu nəzərdə tutur”. Bilgi mədəniyyəti sahəsində görüləcək işlərin yekununda gözlənilən nəticələr və nəticə indikatorları da göz önünə alınır. Bilgi mədəniyyətinin formalaşdırılması, onun funksionallığının artırılması sahəsində elmi tədqiqatların və mütəxəssis sayının artırılması da istisna olunmur.
“Azərbaycan mədəniyyəti - 2040” yeni mədəniyyət konsepsiyası peşəkar, kulturoloq ixtisası üzrə ali təhsil alan mütəxəssislər, bu sahədə tədqiqatlar aparan alim və intellektuallar qarşısında məsuliyyətli, çoxcəhətli fəaliyyət istiqamətləri yaradır. Azərbaycanda kulturologiya elminin banisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Beynəlxalq “Avropa-Asiya” Akademiyasının vitse-prezidenti, professor Fuad Məmmədovun “Yüksək mədəniyyətli insan” nəzəriyyəsinin tətbiqi bilgi və davranış mədəniyyətinin yeni reallıqlara uyğun formalaşdırılması, onların cəmiyyətimizdə funksionallığının artırılmasında böyük töfhəsi ola bilər. Yüksək mədəniyyətli insan formulunun müəllifi F.Məmmədov hər bir ölkənin başlıca milli sərvəti kimi insan amilini ön plana çəkir. O, hesab edir ki, yalnız yüksək mədəniyyətli insanın yetişdirilməsi təkcə Azərbaycan cəmiyyətinin və dövlətinin deyil, bütövlükdə mütərəqqi bəşəriyyətin ən nəcib və humanist məqsədidir.
Görkəmli kulturoloq-alim F.Məmmədovun və onun ardıcıllarının formalaşdırdığı kulturoloji təklif və ieyalar “Azərbaycan mədəniyyəti - 2040” yeni mədəniyyət konsepsiyasının əsas müddəalarında əksini tapır. Bu ona dəlalət edir ki, artıq ölkəmizdə institusional səviyyədə mədəniyyət anlayışına sistemli və funksional yanaşma təsbit olunub, cəmiyyətimizin kulturoloji təfəkkürü təkamül inkişaf yolunu tutub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının XX əsrin 90-ci illərində bu günə kimi təbliğ etdiyi icbari kulturoloji təhsilin və kulturoloji maarifləndirməyə böyük zərurətin olduğunu əks etdirən ideyalar hazırda Konsepsiyanın əsas müddəalarını əhatə edir. F.Məmmədovun rəhbərlik etdiyi assosiasiyanın üzvləri, onun kulturoloji məktəbinin ardıcılları Azərbaycanda Heydər Əliyev Fondunun eqidası altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində Heydər Əliyev adına Kulturoloji Akademiyanın yaradılmasını hər zaman dəstəkləyib.
Perspektivdə professor Fuad Məmmədovun təklif etdiyi layihəsinə görə Heydər Əliyev adına Kulturoloji Akademiya ölkəmizdə kulturoloq-ekspert kadrları hazırlayan, sistemli kulturoloji tədqiqatlar aparan, sivilizasion təkamül kontekstində ölkə mədəniyyətinin inkişafının strateji planlaması üzrə “düşünən beyin” mərkəzi statusunu əldə edə bilər. Düşünürük ki, yüksək ixtisaslı milli və xarici kulturoloq kadrları cəlb olunmaqla Mədəniyyət Nazirliyi nəzdində Heydər Əliyev adına Kulturoloji Akademiya yaradılarsa, “Azərbaycan mədəniyyəti - 2040” yeni mədəniyyət konsepsiyasından irəli gələn çağırış və təşəbbüslərin realaşdırılmasında onun elmi-nəzəri, əlaqələndirici və strateji dəstək potensialını əməldə sərgiləməyə imkan yaranar.
Yeni mədəniyyət konsepsiyası Azərbaycan müstəqilliyini qazandıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “mədəniyyətşünaslıq” ixtisası üzrə bakalavr və magistr təhsilli, o cümlədən “Mədəniyyətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi alanlar üçün geniş nəzəri və elmi-yaradıcılıq fəaliyyətləri üçün münbit platforma yaradır. Həmin platforma ki, burada ADMİU-da və ölkəmizin digər ali məktəblərində formalaşmış kulturoloji məktəbin peşəkar yetirmələri nəzəri və praktiki biliklərini əməldə tətbiq edərək, Konsepsiyadan irəli gələn təşəbbüslərin potensial icraçılarına çevrilə bilərlər.
Azərbaycanda məktəbəqədər və orta məktəb təhsil səviyyələrində “mədəniyyətşünaslıq” fənninin tədrisi spesifik və unikal fenomen olan mədəniyyət haqqında sistemli biliklərin yayılmasını şərtləndirə bilər. Ali məktəblərdə isə mədəniyyət haqqında elmin – “kulturologiya”nın (“-logos” elm sahəsi, “-şünaslıq” biliklər toplusu) nəzəri və tətbiqi əsaslarının tədrisinə diqqət verilərsə istənilən sahə üzrə yetişən yeni nəsil mütəxəssislərinin müasir günün tələbərinə cavab verən potensialını formalaşdırmaq imkanına malikdir. İlk növbədə, kulturologiya elminin əsasları onlarda dünya haqqında tam və dolğun təsəvvür yaradaraq qloballaşma və sürətli rəqəmsallaşma dövründə gərəkli olan “soft skills” adlanan çevik vərdişlərin, tənqidi düşünmə, kreativlik, mədəniyyətlərarası kompetentlilik, multikultural mühitdə çalışma bacarıqlarının, yüksək sosial inteqrasiya və adaptasiya kimi keyfiyyətlərə malik şəxsiyyətin formalaşdırılmasına xidmət göstərə bilər.
“Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası ölkəmiz qarşısında yeni prioritetlər təyin edərək cəmiyyətin hər üzvünü ölkənin mədəni həyatında fəal iştirakına, passiv istehlakçıdan mədəni kodunun daşıyıcısı və qurucusu olmağa səsləyir. Bu gün Azərbaycan vətəndaşı ətrafında formalaşdırdığı mədəni mühitə görə cavabdehlik daşımalı, milli mənəvi dəyərlərimizi identikliyimizin qorunmasında, ünsiyyət və davranış normalarında ali tutaraq cəmiyyətdaxili və mədəniyyətlərarası dialoqa açıq olmalıdır. Əgər biz bu gün mədəniyyəti müdafiə etsək, məhz mədəniyyət bizi zamanın unifikasiya təhlükəsi saçan sınaqlarından milli kimliyimizi və ali dəyərlərimizi yaşadaraq keçirəcək.
Yeganə Əliyeva
Kulturologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi

