Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş rəsm müsabiqəsinin yekunları elan olunub

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin tanınmış  Azərbaycan rəssamı  və nəqqaşı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi sərəncama əsasən, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Özbəkistan Rəssamlıq Akademiyasının (ÖRA) və Daşkənd Foto Evinin dəstəyi ilə elan edilən “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsinə yekun vurulub.

6 aay davam edən müsabiqədə rəssamlar, nəqqaşlar, ixtisaslaşdırılmış incəsənət məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri, dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər, iştiak edib. Müsabiqəyə təqdim olunan əsərlər  müvafiq komissiya tərəfindən  qiymətləndirilib. 

Tədbir çərçivəsində Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, eyni zamanda İrəvan şəhərinin mədəni-tarixi irsinə həsr olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli film nümayiş etdirilib. 

Filmin nümayişindən sonra Akademiyanın sərgi salonunda davam edən tədbirdə Özbəkistan rəssamlarının, nəqqaşlarının, həmçinin, bu sahədə təhsil alan tələbələrin əl işləri nümayiş olunub. Daha sonra Akademiyanın sərgi salonunda müsabiqə iştirakçılarının əsərlərindən ibarət ekspozisiya təqdim olunub.

ÖRA-nın sədri Akmal Nur ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın gücləndirilməsindən danışıb, bildirib ki, müsabiqə  Mirzə Qədim İrəvani kimi zəngin mədəni irsə sahib olan bir şəxsiyyətin əsərlərinin öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli deyib ki,  Mirzə Qədim İrəvani XIX əsr Azərbaycan milli rəssamlıq sənətinin tanınmış nümayəndəlindən biri olaraq, zəngin nəqqaşlıq ənənələrinin inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığı  Şərq rəssamlıq sənətinin estetik və kompozisiya prinsiplərini müasir dövrə uyğun şəkildə təqdim etməsi ilə seçilir. O həmçinin vurğulayıb ki, həyata keçirilən bu kimi mədəni layihələr Azərbaycan və Özbəkistan prezidentlərinin ardıcıl siyasətinin bariz nümunəsi olmaqla, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Müsabiqənin yekunlarına əsasən birinci yer Əndican İxtisaslaşdırılmış İncəsənət Məktəb-İnternatının şagirdi Bexruzbek Baxtiyorzadonova, ikinci yer Pavel Benkov adına Respublika İxtisaslaşdırılmış Rəssamlıq Məktəbinin şagirdi Madinabonu Qaxxorovaya, üçüncü yer isə Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun IV kurs tələbəsi Muxlisa Omonullayevaya təqdim olunub.

Müxtəlif numinasiyalar üzrə fərqlənən Dulat Baxatov, Gülbahor İmamaliyeva, Farangiz Olimjonova və Uluqbək Muxamatov xüsusi sertifikatlarla mükafatlandırılıblar. Müsabiqənin qaliblərinə diplomlar, xatirə hədiyyələri və pul mükafatları təqdim olunub.

Eyni zamanda müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 







Mədəniyyət