Azərbaycan dilinin saflığına elmi baxış

post-img

Azərbaycan dili xalqımızın tarixi varlığının, milli yaddaşının, düşüncə tərzinin və mədəni kimliyinin əsas dayağıdır. Dil yalnız gündəlik ünsiyyət vasitəsi deyil, xalqın keçmişini, dünyaya baxışını, inanc və dəyərlərini nəsildən-nəslə ötürən canlı yaddaşdır. Xalqın milli-mənəvi kimliyi məhz dil vasitəsilə qorunur və yaşadılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dil məsələsinə həsr etdiyi çıxışlarında, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxışında bu məsələyə xüsusi diqqət çəkərək vurğulamışdır ki, Azərbaycan dilinin qorunması təkcə filoloji məsələ deyil, milli varlıq məsələsidir. Prezidentin bu mövqeyi göstərir ki, dil siyasəti dövlətçilik düşüncəsinin ayrılmaz tərkib hissəsidir.

Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd olunduğu kimi, dil milli kimliyi müəyyən edən əsas amillərdən biridir. Bu fikir Azərbaycan dilinin yalnız müasir kommunikasiya vasitəsi kimi deyil, həm də tarixi-mənəvi dəyər kimi qorunmalı olduğunu ortaya qoyur.

Prezident İlham Əliyev AMEA-nın yubiley tədbirində çıxış edərkən açıq şəkildə bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması bizim üçün ən vacib məsələlərdən biridir.

Bu fikir Azərbaycan dilinin qorunmasının təsadüfi və ya ikinci dərəcəli məsələ olmadığını göstərir. Burada söhbət yalnız yeni sözlərin qəbulundan və ya alınma terminlərdən getmir. Söhbət dilin daxili tarazlığının, milli ruhunun və tarixi qatlarının qorunmasından gedir.

Dilin saflığının qorunması aşağıdakı əsas istiqamətləri əhatə edir: ədəbi dil normalarının pozulmaması, dilə yad ünsürlərin nəzarətsiz şəkildə daxil olmasının qarşısının alınması, milli söz ehtiyatının qorunması və yaşadılması, dilin tarixi qatlarının müasir dildə unudulmaması.

Ədəbi dil normalarının pozulmaması: Bu prinsip dilin fonetik, leksik, qrammatik və üslubi qaydalarına əməl edilməsini nəzərdə tutur. Yəni sözlərin düzgün tələffüzü, yazılışı, cümlə quruluşu və yerində işlədilməsi qorunmalıdır. Ədəbi dil normalarının pozulması dilin sistemliliyini zəiflədir, ünsiyyətdə anlaşılmazlıq yaradır və dilin ictimai nüfuzuna xələl gətirir.

Dilə yad ünsürlərin nəzarətsiz şəkildə daxil olmasının qarşısının alınması: Bu, əsasən əsassız və ölçüsüz alınma sözlərin, xüsusilə də gündəlik danışıq və mediada ehtiyac olmadan işlədilən xarici mənşəli ifadələrin qarşısının alınması deməkdir. Alınma sözlər elmi və texnoloji zərurət olduqda qəbul edilə bilər, lakin mövcud milli qarşılıqlar varkən yad sözlərin işlədilməsi dilin leksik bütövlüyünü və milli simasını zəiflədir.

Milli söz ehtiyatının qorunması və yaşadılması: Bu prinsip dilin tarixi və milli yaddaşını daşıyan sözlərin qorunmasını nəzərdə tutur. Klassik ədəbiyyatda, folklorda və qədim yazılı abidələrdə işlənmiş sözlərin araşdırılması, müasir dildə uyğun kontekstlərdə istifadəsi milli dilin davamlılığını və canlılığını təmin edir. Milli söz ehtiyatının yaşadılması dilin özünəməxsusluğunu saxlayan əsas amillərdəndir.

Dilin tarixi qatlarının müasir dildə unudulmaması: Dil yalnız bugünün ünsiyyət vasitəsi deyil, həm də tarixi-mədəni təcrübənin daşıyıcısıdır. Arxaizmlər, qədim terminlər və tarixi leksika müasir dildən tamamilə çıxarıldıqda dilin dərin semantik və mədəni qatları itir. Bu səbəbdən dilin tarixi qatlarının elmi şəkildə öyrənilməsi və seçilmiş hallarda müasir dilə inteqrasiyası vacibdir.

Bu kontekstdə türk mənşəli arxaizmlər məsələsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu sözlər dilimizin ən qədim və ən milli qatını təşkil edir. Bizim şöbəmizdə (Azərbaycan dili tarixi şöbəsində) “Türk mənşəli arxaizmlər lüğəti (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında)” üçcildliyi kollektiv əsəri tərtib olunmuşdur. Bu kimi lüğətlərdən məqsədyönlü şəkildə istifadə çox səmərəli ola bilər.

Türk mənşəli arxaizmlər çox zaman “köhnəlmiş sözlər” kimi qəbul edilir. Halbuki bu sözlər köhnəlmiş deyil, unutdurulmuş sözlərdir. Onlar Azərbaycan dilinin tarixini, xalqın düşüncə tərzini və sosial quruluşunu əks etdirən canlı leksik vahidlərdir.

Azərbaycan dilinin tarixi leksik qatında qorunub saxlanılan türk mənşəli arxaizmlər yalnız keçmişin dili deyil, eyni zamanda, müasir terminoloji ehtiyacların milli əsaslarla qarşılanması üçün mühüm mənbədir. Bu sözlər zamanla aktiv danışıqdan çıxsa da, semantik tutumunu və ifadə imkanlarını itirməmişdir. Onların müasir Azərbaycan dilində yenidən işlək hala gətirilməsi dilin saflığının qorunmasına, milli söz ehtiyatının bərpasına və alınma terminlərdən asılılığın azaldılmasına xidmət edə bilər.

Məsələn, “yazğu” sözü Aşıq Qurbaninin dilində “məktub” mənasında işlənmişdir. Bu söz yalnız yazılı mətn deyil, eyni zamanda, xəbər, məlumat daşıyan rəsmi və ya şəxsi müraciət anlamını ifadə edir. Aşıq Qurbani Şah İsmayıl Xətaiyə məktubunda yazır:

Əziz başın üçün oxu yazğumu,
Agah ol halımdan gahbagah mənim.

Müasir dildə “məktub” sözünün terminoloji yükünü tam qarşılayan bu leksik vahid türk mənşəli olması baxımından milli alternativ kimi dəyərləndirilə bilər. Bundan başqa, Aşıq Qurbani əlvan sözünün əvəzinə türk mənşəli “al-yaşıl” mürəkkəb leksik vahidini işlədir.

Eyni hal “sunmaq” feilinə də aiddir. XVIII–XIX əsrlərə qədər Azərbaycan dilində geniş işlənmiş bu türk mənşəli feil sonradan tədricən sıradan çıxarılaraq yerini ərəb mənşəli “təqdim etmək” feilinə vermişdir. Halbuki “sunmaq” feili “Dədə Qorqud” dastanından başlayaraq Qazi Bürhanəddin, İmadəddin Nəsimi, M.Zəririnin tərcümə əsərləri və XVIII əsr Şakir Şirvaninin dilində ardıcıl şəkildə müşahidə olunur. Bu feilin semantik imkanları müasir dildə də tam işləkdir və “təqdim etmək”, “vermək”, “irəli sürmək” mənalarını təbii şəkildə ifadə edir. Təqdimat – sunum.

Türk dövlətçilik və hüquq düşüncəsini əks etdirən “törə” sözü müasir “qanun” və “etik norma” anlayışlarının tarixi və milli qarşılığıdır. “Törə” yalnız hüquqi qayda deyil, həm də cəmiyyətin əxlaqi nizamını, davranış ölçülərini ifadə edən geniş mənalı anlayışdır. Bu sözün hüquqi və fəlsəfi mətnlərdə istifadəsi dilə milli konseptual çalar qazandıra bilər.

“Ərən” sözü XVII əsrə qədər Azərbaycan dilində işlənmiş və yalnız fiziki gücü olan igidi deyil, mənəvi kamilliyə çatmış, əxlaqi bütövlüyə malik insanı ifadə etmişdir. Bu söz xüsusilə sufi və fəlsəfi mətnlərdə dərin məna yükü daşıyır. Müasir dildə “şəxsiyyət”, “kamil insan” anlayışlarının ifadəsində bu sözün işlədilməsi milli leksik ənənənin davamı baxımından əhəmiyyətlidir.

Eyni şəkildə “bilgə” sözü müasir “alim” və “müdrik” anlayışlarını birləşdirən geniş məzmunlu türk mənşəli leksik vahiddir. “Bilgə” anlayışı yalnız elmi bilik sahibi olmağı deyil, həm də həyat təcrübəsi, düşüncə dərinliyi və hikmət sahibi olmağı ifadə edir. Bu sözün elmi və publisistik üslubda işlədilməsi dilin ifadə imkanlarını zənginləşdirə bilər.

Arxaik leksikanın terminoloji potensialı inzibati və hərbi terminlərdə də açıq şəkildə görünür. Məsələn, bu gün işlədilən “mühafizəçi” sözünün türk mənşəli qarşılığı “qorçu”, “mühafizə xidmətinin başçısı” anlayışının qarşılığı isə “qorçubaşı” olmuşdur. Eyni şəkildə “komendant” anlayışı klassik mətnlərdə “qalabəyi” sözü ilə ifadə edilmişdir. Bu terminlər həm semantik baxımdan dəqiq, həm də milli dil ənənəsinə uyğun leksik vahidlərdir.

Elmi və ümumi dil üçün də bir sıra uğurlu milli qarşılıqlar mövcuddur. Məsələn, yuxarıda qeyd edildiyi kim, “alim” anlayışı üçün “bilgə”, “elm” üçün “bilim”, “kitab” üçün “bitik”, “nəticə” üçün “sonuc”, “təcrübə” üçün “sınama” və ya “sınaq”, “qanun” üçün isə “törə” və ya “yasaq” sözləri işlədilə bilər. Bu sözlərin əksəriyyəti qədim türk yazılı abidələrində və klassik Azərbaycan ədəbiyyatında geniş şəkildə təsdiq olunmuşdur.

Bütün bunlar göstərir ki, türk mənşəli arxaizmlər dilin inkişafına mane olan köhnə elementlər deyil, əksinə, müasir Azərbaycan dilinin milli əsaslarla zənginləşdirilməsi üçün etibarlı mənbədir. Bu sözlərin elmi əsaslarla seçilərək terminoloji və ümumişlək dilə qaytarılması Azərbaycan dilinin saflığının qorunması baxımından real və perspektivli istiqamət kimi dəyərləndirilə bilər.

Bu sözlərin müasir Azərbaycan dilində, xüsusilə elmi, publisistik və mədəni mətnlərdə işlədilməsi dilin milli ruhunu gücləndirə bilər.

Prezident İlham Əliyev AMEA-nın 80 illik fəaliyyətini dəyərləndirərkən qeyd etmişdir ki, Akademiyanın Azərbaycan dilinin inkişafında xüsusi rolu vardır. Bu fikir dilçilik elminin üzərinə düşən məsuliyyəti açıq şəkildə ortaya qoyur.

Dilçilik yalnız mövcud normanı təsvir etməklə kifayətlənməməlidir. Dilçilik, eyni zamanda dilin tarixi qatlarını araşdırmalı, unudulan milli sözləri üzə çıxarmalı, bu sözlərin müasir dildə hansı sahələrdə işlədilə biləcəyini müəyyən etməlidir. Bu baxımdan türk mənşəli arxaizmlərin elmi şəkildə sistemləşdirilməsi və izahı dilin saflığının qorunmasına real töhfə verə bilər.

Xədicə HEYDƏROVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Mədəniyyət